Makron ən böyük səhvini etmək üzrədir! – Minlərlə əsgərin həyatı təhlükədə...

Təhlil

30.10.2025 16:37

Rusiya-Ukrayna savaşında gərginliyin artması fonunda Rusiyanın Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Fransa Ukraynaya hərbi qüvvə göndərməyə hazırlaşır.


Məlumata görə, Prezident Emmanuel Makronun göstərişi ilə Ukraynaya “yardım məqsədilə yerləşdirilmək” üçün təxminən 2 min nəfərlik əsgər və zabitdən ibarət hərbi kontingent formalaşdırılır. 

Politoloq Fəqani Məhərrəmli yayılan iddiaları TodayPress TV-yə şərh edib. 

Onun sözlərinə görə, Rusiyanın Xarici Kəşfiyyat Xidməti Ukraynaya qarşı hərbi təcavüz başlayandan bəri zaman-zaman Qərb dövlətlərinin Ukraynaya qoşun göndərəcəyi və müharibəyə birbaşa müdaxilə edəcəyi ilə bağlı məlumatlara malik olduqlarını bildirib. Lakin artıq dördüncü ilinə yaxınlaşan savaş dövründə indiyə qədər heç bir Qərb dövləti rəsmi şəkildə Ukraynaya hər hansı qoşun növü göndərdiyini təsdiqləməyib:


“Düzdür, Ukrayna tərəfində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Avropa dövlətlərindən muzdlu və könüllü birliklərin, eləcə də istefada olan yüksək çinli hərbçilərin iştirak etdiyi faktdır. Amma bu, dövlət səviyyəsində rəsmi qoşun göndərilməsi anlamına gəlmir”.

F.Məhərrəmli əlavə edib ki, bu mövzuda adı ən çox hallanan ölkə Fransadır, lakin bu iddialar əsasən manipulyativ xarakter daşıyır:

“Müxtəlif vaxtlarda Fransa Prezidenti Emmanuel Makron Ukrayna cəbhəsinə müəyyən sayda hərbi qüvvə göndərə biləcəklərini istisna etmədiyini desə də, sonradan bunu Ukrayna müharibəsi başa çatdıqdan sonra, “qarant ölkə” kimi həyata keçirə biləcəyini açıqlayıb.


Artıq dördüncü ilinə daxil olan müharibə bir daha göstərdi ki, Avropa dövlətlərinin Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girmək niyyəti yoxdur".


Analitikin qənaətincə, artıq Ukrayna müharibəsi Avropanın təhlükəsizliyini ukraynalıların qanı və canı hesabına qoruma siyasətinə çevrilib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Fransanın Ukraynaya qoşun yeritməyə hazırlaşması ilə bağlı yayılan iddialara münasibət bildirib. O deyib ki, Rusiya ordusu Ukrayna ərazisindəki bütün xarici hərbi qüvvələri məhv edir.  

Qiymət Mahir

TodayPress TV

tag: Rusiya,Ukrayna ,Emmanuel Makron, Rusiyanın Xarici Kəşfiyyat Xidməti,Fəqani Məhərrəmli,Todaypress.tv,