Qlobal güclər üçün siyasi alət: FƏLƏSTİN - Səmimi niyyət yoxsa, geosiyasi bazarlıq?

Siyasət

30.07.2025 17:09

“Fələstinin tanınması qlobal güclər üçün siyasi alətə çevrilib”. 

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Fələstinin dövlət kimi tanınması məsələsi beynəlxalq güclər üçün səmimi niyyətdən çox, geosiyasi bazarlıq vasitəsinə çevrilib. 

“Bu məsələ artıq 78 ildir beynəlxalq münasibətlər sistemində manipulyasiya predmetidir. Fransa və Böyük Britaniya kimi ölkələr Fələstini hələ də tam şəkildə tanımayıb. ABŞ isə ümumiyyətlə tanımayacağını bildirib. Hazırda bu məsələ gündəmdə olsa da, daha çox regionda nüfuz uğrunda gedən siyasi oyunların tərkib hissəsidir. Xüsusən Fransa Prezidenti Emmanuel Makronun sentyabrda verəcəyi bəyanatla bağlı öncədən verilən açıqlamalar, ABŞ-İsrail ittifaqının sərt reaksiyası bu prosesin real nəticə doğurmasından çox, ritorikaya xidmət etdiyini göstərir”.

Analitik hesab edir ki, beynəlxalq konfranslar, çağırışlar, parlament məktubları Fələstin xalqının real taleyinə deyil, böyük güclərin öz maraqlarına xidmət edir. Həm də ABŞ və İsrailin razılığı olmadan bu məsələnin reallaşması faktiki mümkün deyil. Fələstin məsələsi hazırda həm də Çin, İran, ABŞ, Avropa İttifaqı kimi aktorlar arasında nüfuz bölgüsünün bir hissəsinə çevrilib. 

“Fələstin məsələsini siyasi kapital kimi istifadə edənlər prosesin dərinliyində bu xalqın yox, öz maraqlarını düşünür. Bu səbəbdən də 78 illik münaqişə yenə də masa başında deyil, səngərlərdə həll olunmağa çalışılır. 2023-cü ildə HƏMAS-ın hücumu və ardınca gələn proseslər, İranın bu məsələdəki rolu, qruplaşmalar üzərindən oynadığı oyunlar da bunun ən başlıca sübutudur”. 

Qeyd edək ki, Böyük Britaniya və Fransa hakimiyyəti yaxın gələcəkdə Fələstini rəsmən tanıyacaqlarını açıqlayıblar. Buna baxmayaraq, ABŞ lideri Donald Tramp Ağ Evin eyni tərəfdə olmadığını bildirib. 

Töhfə Səməd

tag: Sədrəddin Soltan,Politoloq,Fələstin,Qlobal güc,Todaypress.tv,

photo