Rusiya ABŞ-yə qarşı güc nümayiş etdirdi: "Həddinizi aşmayın!" - Politoloq
Təhlil
04.08.2025 17:03
“ABŞ bütün regionların hakimi olmaq haqqını özündə görür, bu isə digər güc mərkəzlərini narahat edir”.
Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı təzyiq göstərməyə çalışsa da, bu strategiya hələlik real nəticə verməyib. Moskva Trampın ritorikasına və təzyiq cəhdlərinə baxmayaraq, güzəştə getmək istəmir:
“Rusiya tərəfi isə maksimalist mövqe sərgiləyir. Kreml işğal etdiyi Ukrayna ərazilərinin rəsmi olaraq Rusiya torpaqları kimi tanınmasını, həmçinin bu səbəbdən tətbiq olunan əsas beynəlxalq sanksiyaların ləğvini tələb edir. Bu isə beynəlxalq hüquqa və Ukraynanın suverenliyinə zidd, qəbuledilməzdir.
Həmçinin Moskva ilə indiyədək heç bir atəşkəs razılığı əldə olunmayıb. Bu da göstərir ki, tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur. Həm də Ukraynanın suveren ərazilərinin işğal edilməsi həmin ərazilərdə Rusiyanın hüquqi sahibliyini təmin etmir".
Analitik, ABŞ-nin qlobal siyasətdə hegemon yanaşmasını tənqid edərək bildirib ki, Vaşinqton bütün bölgələrdə öz maraqlarını əsas gətirərək özündə müdaxilə haqqı tanıyır. Onun fikrincə, bu siyasət Rusiya, Çin və digər ölkələrin maraqları ilə ziddiyyət təşkil edir və yeni qarşıdurmalara zəmin yaradır. Buna görə də Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Yapon dənizində birgə təlimlərə başlamaqla ABŞ-yə mesaj verirlər:
“Bu, bir növ gözdağı deyil, güc nümayişidir. Onlar göstərmək istəyirlər ki, zəif deyillər”.
ABŞ-nin Yaponiya, Cənubi Koreya və Avstraliyanı qlobal şimal bloku daxilində birləşdirdiyini deyən politoloq, buna qarşı Rusiya, Çin, İran və Şimali Koreyanın da yeni koalisiya formalaşdırdığını vurğulayıb. Bu bloklar arasında hərbi təlimlər və strateji əməkdaşlıqların artması diqqət çəkir.
Analitik həmçinin əlavə edib ki, Rusiya nüvə imkanlarını xatırladaraq ABŞ-yə “həddinizi aşmayın” mesajı verir. Həmçinin rəsmi Moskva son aylarda nüvə təlimlərinə üstünlük verərək ordusunun yüksək hazırlıq səviyyəsini nümayiş etdirir.
“Tramp tərəfindən Rusiyaya qarşı müəyyən sanksiyalar və sərt ritorika tətbiq oluna bilər. Bununla belə, onun siyasətində köklü dəyişikliklər gözlənilmir. Tramp ənənəvi olaraq təzyiqdən daha çox, bu vasitə ilə güzəşt əldə etməyə çalışır. Yəqin ki, o, qarşı tərəfi razılığa gətirmək üçün yeni şərtlər irəli sürəcək”, - deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Yapon dənizində hərbi təlimlərə başlayıblar.
Aysel Mətləb
tag: Tofiq Abbasov,Politoloq,Rusiya,ABŞ,Todaypress.tv,
