Trampa qarşı etirazlar böyüyür: Böhran qapıdadır...

Təhlil

09.06.2025 15:14

“ABŞ-də daha dərin böhranlar baş qaldıra bilər”.

Politoloq Zeynal Əmrəliyev bunu ABŞ-də prezident Donald Trampa qarşı baş verən etirazları TodayPress TV-yə şərh edərkən bildirib.

O bildirib ki, Donald Trampın miqrasiya ilə bağlı verdiyi qərar olduqca sərt və radikal sağçı mövqeləri əks etdirir:

“Bu siyasət mahiyyət etibarilə Avropada yüksəlişdə olan milliyyətçi və sağ populist qüvvələrin yanaşması ilə üst-üstə düşür. Məhz bu səbəbdən, qərarın ABŞ daxilində ciddi narazılıqlara yol açacağı əvvəlcədən proqnozlaşdırılırdı. Son zamanlar ABŞ-də sol spektrə aid qüvvələr əhəmiyyətli dərəcədə fəallaşıb və Kaliforniya başda olmaqla bir sıra mühüm ştatlarda güclü təşkilatlanma prosesi müşahidə olunur. Xüsusilə Los-Anceles, Kaliforniya və Nyu-York kimi miqrantların üstünlük təşkil etdiyi ərazilərdə etiraz dalğasının yaranması təəccüblü deyil. Bu bölgələrdə yaşayanların böyük hissəsini Asiya ölkələrindən köç etmiş miqrant nəsilləri təşkil edir və onların Trampın miqrasiya siyasətinə qarşı çıxışı gözlənilən idi”.

Ekspert düşünür ki, federal hökumətin bu siyasətdən geri çəkilmədiyi təqdirdə ölkədə daha dərin böhranlar baş qaldıra bilər.

Qeyd edək ki, Los-Ancelesdə ABŞ prezidenti Donald Trampa qarşı etirazlar ardıcıl üçüncü gündür ki, davam edir. Etirazçılar Trampın sərt immiqrasiya və deportasiya siyasətinə qarşı olduqlarını nümayiş etdirmək üçün küçələri bağlayır və polis maşınlarını yandırırlar.  

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,ABŞ,Etiraz,todaypress.tv,

photo