Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz
Sankt-Peterburq İqtisadi Forumunda Vladimir Putinin Azərbaycanı "vacib tərəfdaş" adlandırması və İlham Əliyevə açıq təşəkkür bildirməsi ilk baxışdan adi bir protokol cümləsi kimi göründü. Amma bu "protokol cümləsi"nin arxasında üç aylıq mürəkkəb bir tarix var - İranla gərginlik, Naxçıvana dronlar, humanitar yükün tranziti, Zelenski ilə görüş.
2026-cı il martın 5-i səhəri Naxçıvanda günortaya yaxın hava limanı rayonundan partlayış səsləri eşidildi. İran ərazisindən buraxılan dörd kamikadze drondan üçü hədəfinə çatdı, biri vuruldu. Dörd nəfər xəsarət aldı, mülki infrastruktura ziyan dəydi.
Azərbaycan Xarici İşlər Nazirliyi eyni gün bəyanat yayıb hücumu beynəlxalq hüququn kobud pozulması adlandırdı və Tehranın dərhal izahat verməsini tələb etdi. İran xarici işlər naziri Əraçi Bakıya zəng edib hücumu inkar etdi - eyni zamanda araşdırılacağını söylədi. Bu cür dolaşıq diplomatik dildə "nə qəbul, nə inkar" mövqeyini Bakı gözləmirdi.
Azərbaycan Baş Naziri isə həmin gün verdiyi konkret bir qərar qərarla Azərbaycan-İran dövlət sərhədindən bütün növ yük nəqliyyatının keçişi müvəqqəti dayandırdı. Heç bir söz-söhbət olmadan, birbaşa iqtisadi təzyiq masada idi və İranın bu hücumuna Azərbaycanın atdığı addım təkcə Tehrana yox, onun can suyu olan Rasiyaya da Rusiyaya da, başqa ölkələrə də işarə idi. Bakıda dronların hücumu təxribat kimi qiymətini aldı
Təbii ki, həmin anda İranda müharibə gedirdi. ABŞ-İsrail hərbi əməliyyatları Tehranın təchizat yollarını kəsmişdi, ölkədə humanitar böhran yaranmağa başlamışdı. Yəni Azərbaycan həm öz ərazisinə hücum edən ölkənin sərhədini bağladı, həm də həmin ölkənin əhalisinin böhran içində olduğunu bilirdi. Bu ikisi arasında qalmaq heç də asan qərar deyildi.
Martın 8-də prezident Əliyev İranın yeni prezidenti Məsud Pezeşkian ilə telefonda danışdı. Həmin danışığın məzmunu tam açıqlanmadı, amma bir həftə sonra baş verənlər bu danışığın nə üçün olduğunu göstərdi.
Martın 18-də Azərbaycan İrana 82 ton humanitar yardım göndərdi. Tərkibdə 76 ton ərzaq, 4 ton dərman, 2 ton tibbi ləvazimat var idi. Novruz bayramı yaxın olduğu üçün paketə bayram hədiyyələri və ənənəvi məhsullar da əlavə edilmişdi. Beş yük maşınından ibarət karvan İran sərhədini keçdi; Nazirlər Kabineti, XİN və Dövlət Ehtiyatları Agentliyindən nümayəndələr karvanı şəxsən müşayiət etdi.
Azərbaycan bu addımla demək istəyirdi: "Dron hücumu ilə bağlı mövqeyimizdən dönməyəcəyik. Amma İran əhalisinin bu böhranla heç bir əlaqəsi yoxdur."
Martın 26-da isə növbəti epizod baş verdi. Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı Azərbaycana daxil oldu. Vaqonlarda 300 tondan artıq tibbi ləvazimat vardı - Rusiyadan İrana göndərilən ilk böyük humanitar yük Astara keçid məntəqəsində yük İran tərəfinə təhvil verildi. Eyni gündə Rusiya Dağıstanından yola salınan kolonnadan 150 ton ərzaq da çatdırıldı.
Rusiya səfirliyi paylaşdığı videoda konteynerlər görünürdü-üstündə "Rusiya sizinlədir" yazısı.
Əlbəttə, tərəflərin əl sıxıb şəkil çəkdirdiyi görüntülər Kremlin üçün vacib bir mesaj daşıyırdı ki, Moskva müttəfiqi İranı böhranın ortasında tək qoymadı. Amma bu yükün İrana çatması üçün bir şərt var idi, Azərbaycanın razılığı. Başqa yol yox idi. Hava məkanı riskli idi, Xəzər dənizi bu ölçüdə yük üçün yetərincə sürətli deyildi, Gürcüstan üzərindən keçiş isə siyasi baxımdan mümkün deyildi. Azərbaycandan keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi yeganə seçim idi.
İyunun 4-5-də Sankt-Peterburq İqtisadi Forumunda Putin Azərbaycanı xüsusi sözlərlə yada saldı: "Azərbaycan tərəfi böyük həcmdə effektiv iş gördü, bütün sorğularımıza dərhal cavab verdi. Bu, vəziyyəti yüngülləşdirmək baxımından çox vacib idi."
Kremlin beynəlxalq platformalarda başqa ölkəni bu formatda açıq minnətdarlıqla vurğulaması adi hal deyil. Putin bu cümlədə iki şeyi eyni anda dedi: həm Azərbaycana ictimai təşəkkür bildirdi, həm də Bakı ilə görüş planını elan etdi.
Putinin ölkəmizə təşəkkürünün səbəbi artıq məlumdur: Rusiya İran böhranı zamanı Azərbaycanın logistik dəstəyindən birbaşa asılı idi.
Eyni zamanda Kremlin Azərbaycana bu qədər açıq müraciəti başqa bir şeyi də göstərir: Rusiya Güney Qafqazda etibarlı keçid nöqtəsinə ehtiyac duyur, Azərbaycan isə bu ehtiyacın yeganə praktiki cavabıdır.
Aprelin 25-də mənzərə daha da mürəkkəbləşdi. Zelenski Bakıya gəldi- 2022-ci ilin fevralındakı tam miqyaslı müharibədən bəri ilk cənubi Qafqaz səfəri kimi qlobal aləmdə diqqətdə idi. Zelenskinin Əliyevin yanında dayanıb deməsi ki, "Biz Azərbaycanda üçtərəfli danışıqlara hazırıq — Rusiya da hazırdırsa” açıqlaması ilə rəsmi Bakıya unikal və güclü mövqe vermis oldu.
Bəs həmin gün Əliyev nə dedi? Ukrayna ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha açıqladı, Ukraynayla enerji sahəsindəki əməkdaşlıqdan söz açdı, növbəti görüşün Ukraynada keçiriləcəyini elan etdi. Yəni Zelenski ilə şəkil çəkdirdi, Bakını vasitəçilik platforması kimi tanıtdı - amma Moskvanı da hansısa formada qıcıqlandıracaq ifadələr səslənmədi.
Bu mövqeyi saxlamaq texniki cəhətdən çox çətin idi, Rusiya yükü və Zelenski ilə görüş dilemması xarici siyasət dərsliklərinə düşəcək balans nümunəsidir.
Putin Əliyevlə görüşü çıxışında da elan etdi, tarix açıqlanmayıb. Ən güclü ehtimal — MDB yaxud ŞƏT zirvə toplantıları çərçivəsindəki ikitərəfli görüş olacaq. Bu formatda danışıqlar adətən üçüncü ölkədə, daha sakit bir diplomatik mühitdə keçir.
İlk mövzu enerji sahəsinə aiddir, Rusiya svop olaraq Bakıdan yardım istəyir. Bakı Avropa ilə anlaşsın və rus qazını da öz xətti ilə satsın kimi təkiliflər var. Maraqlıdır ki, bu fikrə Avropada qarşı olanlar qədər, dəstək çıxanlar da var. “Şimal-Cənub” dəhlizinin tam gücündə işə salınması da ayrıca müzakirə mövzusudur.
İkinci mövzu İran sonrası regional mənzərədir. Böhran sabitləşdikcə yaxud sona çatdıqca Cənubi Qafqazda yeni bir güc konfiqurasiyası formalaşacaq. Bu yanaşmada Azərbaycanın rolu -Rusiyanın da, Türkiyənin də, Avropanın da maraq dairəsindəki tərəf kimi müzakirəyə çıxarılmalıdr. Bakı coğrafi və diplomatic olaraq İran müharibəsindən qalib çıxan dövlətlərdən olduğu üçün bu görüşə güclü mövqeylə gəlir.
Üçüncü mövzu sözsüz ki, Ukrayna olacaq. Zelenski-Əliyev görüşündən sonra Bakının potensial vasitəçi roluna olan maraq artdı. Kremlin bu rola münasibəti hələ açıq deyil. Lakin Putin Azərbaycanı "vacib tərəfdaş" adlandırdıqdan sonra bu mövzunu tamamilə kənara qoymaq da mümkün deyil.
Bu üç ay ərzində baş verənlərə baxanda bir neçə şey aydın görünür.
Azərbaycanın coğrafi mövqeyi əvvəlindən də strateji idi - Rusiya, İran, Türkiyə və Cənubi Qafqazın qovuşduğu yerdə dayanmaq özlüyündə bir üstünlükdür. Amma bu üstünlük ancaq o zaman işləyir ki, düzgün anda düzgün qərar verilsin. Böhran zamanı hazır olmaq, tez reaksiya vermək, tərəf seçmədən qalmaq - bunlar öz-özünə baş vermir.
Dəyişməyən isə həm də budur: Azərbaycan heç bir ittifaqın tam ortasında yer almaq istəmir. Bu, 2022-ci ildə də beləydi, bu gün də belədir. Fərq ondadır ki, bu mövqe indi daha çox ölkə tərəfindən açıq şəkildə qəbul edilir.
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı