Özbəkistan ABŞ-yə sərmayəni artırır: Rusiyanın bölgədəki çəkisi azalacaq?
Siyasət
07.11.2025 11:34
ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında açıqlayıb ki, Özbəkistan növbəti üç ildə ABŞ-nin müxtəlif sənaye sahələrinə təxminən 35 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Onun sözlərinə görə, bu məbləğ 10 il ərzində 100 milyard dolları da keçə bilər.
Açıqlama Ağ Evdə Orta Asiya liderləri ilə keçirilən görüşdən sonra verilib. Son illər Vaşinqton Orta Asiyada iqtisadi və strateji iştirakını genişləndirir. Bundan əvvəl də ABŞ region ölkələri ilə kritik xammal, enerji və istehsal sahələrində əməkdaşlığı dərinləşdirmək yönündə bir sıra razılaşmalar imzalamışdı. Bu siyasət həm Çinin iqtisadi nüfuzunu balanslaşdırmaq, həm də Rusiyanın təsirini məhdudlaşdırmaq niyyəti ilə izah olunur.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, 100 milyard dollarlıq sərmayə regional kontekstdə kiçik sayılır:

"Özbəkistanın Amerika Birləşmiş Ştatlarına yaxın 10 ildə 100 milyard dollar sərmayə qoyması o qədər də ciddi bir rəqəm sayıla bilməz. Nəzərə alsaq ki, Ərəb ölkələri daha qısa müddət ərzində trilyonlarla dolları Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatına sərmayə qoymaq öhdəliyini götürüblər".
Ekspert qeyd edib ki, bu, Çin–Rusiya rəqabəti fonunda Mərkəzi Asiyada diqqət çəkən hadisədir:
"Ancaq bütövlükdə bu hadisə həm bölgə üçün, həm Mərkəzi Asiya üçün, həm də dünya üçün mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, Mərkəzi Asiya bölgəsi uğrunda Rusiya və Çin arasında ciddi rəqabət gedir. Ukrayna müharibəsindən istifadə edən Çin, bu bölgədə özünün nüfuzunu daha da artırıb və müxtəlif sahələrdə Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Özbəkistanla əməkdaşlıq edir.
Rusiya bu müdaxiləni narazılıqla qarşılasa da, etiraz etmək imkanı olmadığından buna dözmək məcburiyyətində qalır."
Abutalıb Səmədov əlavə edib ki, bu sərmayə proqramı ABŞ-nin bölgədəki mövqelərini gücləndirə bilər:
"Amerika Birləşmiş Ştatlarının atdığı addımlar və bu sərmayə proqramı, təbii ki, bir neçə mühüm istiqamətdə Vaşinqtonun, yəni Amerika Birləşmiş Ştatlarının bölgədəki mövqeyini möhkəmləndirəcək. İlk növbədə, bölgədə siyasi nüfuz artacaq. Bu, Rusiyanın çəkisinin azalmasına gətirib çıxaracaq. İqtisadi təsir genişlənəcək və Amerika Birləşmiş Ştatlarına bölgədə Çinin və Rusiyanın iqtisadi üstünlüyünə qarşı balans yaratmaq imkanı verəcək.
Bu, Mərkəzi Asiya ölkələrinin xarici siyasət balansına da öz təsirini göstərəcək. Məlumdur ki, bu ölkələr Rusiyanın təsirindən uzaqlaşmaq üçün cəhdlər göstərirlər və Amerika Birləşmiş Ştatlarının bölgədə möhkəmlənməsi bu prosesə də öz təsirini göstərəcək".
O, son olaraq əlavə edib ki, bu addım, həmçinin ABŞ-yə təhlükəsizlik mövqelərini gücləndirmək imkanı verir:
"Təhlükəsizlik baxımından da bu addım həm bölgə üçün, həm də Amerika Birləşmiş Ştatlarının özü üçün mühüm əhəmiyyətə malikdir. Vaşinqton Əfqanıstana yaxın regionda öz mövqelərini möhkəmləndirir və bu, onlar üçün çox mühüm əhəmiyyətə malikdir. Amerika Birləşmiş Ştatlarının Əfqanıstana böyük əhəmiyyət verməsi və orada baş verən son hadisələr hamımızın gözləri önündə olub. Və bu addımlar təbii ki, Amerika Birləşmiş Ştatları üçün təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malik olacaq".
Jalə Rövşən
tag: Tramp,ABŞ,Özbəkistan,Sərmayə,Rusiya,Todaypress.tv,
