Tramp-Mask qarşıdurması: Hədəf Ukraynadır?
Təhlil
09.06.2025 15:30
“ABŞ prezidenti Donald Tramp və milyarder İlon Mask arasındakı qarşıdurma süni şəkildə yaradılıb, burada əsas hədəf Ukraynadır”.
Politoloq Rizvan Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib.
O, son günlər Qərb və Rusiya mediasında yayımlanan “Rusiya İlon Maska siyasi sığınacaq təklif edir” xəbərinə münasibət bildirərkən vurğulayıb ki, bu iddialar ciddi geosiyasi reallıqlara söykənmir və daha çox sarı mətbuatın spekulyativ yanaşmalarına əsaslanır.
“Bu kimi xəbərlər əsaslı deyil və daha çox manipulyativ xarakter daşıyır. Kreml daxilindəki bəzi dairələr düşünür ki, guya Mask və Tramp arasındakı münasibətləri korlamaqla müəyyən geosiyasi dividendlər qazanmaq olar. Amma son hadisələr göstərdi ki, İlon Mask əslində Trampdan bir növ üzr istədi və əvvəlki ritorikasını geri çəkdi”.
Analitikin sözlərinə görə, Trampla Mask arasındakı münasibətlər əvvəldən heç də “dostluq” və ya “qardaşlıq” üzərində qurulmayıb. Bu münasibətlər sırf biznes maraqlarına əsaslanır və indi də ortaq maraqlar davam edir. Əvvəlki kimi isti münasibət gözlənilməsə də, tərəflər arasında uçurum da olmayacaq.
“Bəzi beynəlxalq analitiklər Tramp–Mask qarşıdurmasının süni şəkildə formalaşdırıldığını düşünürlər. Bu qarşıdurmanın arxasında duran əsas hədəf Ukraynadır. Belə bir görüntü yaradılır ki, guya ABŞ dövləti İlon Maska dəstək vermir və o da buna cavab olaraq "Starlink" sistemini Ukraynada məhdudlaşdıra bilər. Bu isə Ukraynanın həm kəşfiyyat, həm də rabitə imkanlarını ciddi şəkildə zəiflədəcək. Tramp bu vəziyyətdən Ukraynaya təzyiq vasitəsi kimi istifadə edə bilər. Maskla olan münasibətlər də bu strategiyanın bir hissəsi kimi formalaşdırılır”, - deyə o nitqini sonlandırıb.
Qeyd edək ki, Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt açıqlamalar veriblər. Amerikalı sahibkar bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi. O, Trampın impiçmenti ideyasını dəstəkləyib, Ağ Evin təşəbbüsü ilə hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini, prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid edib və bu ilin ikinci yarısında Amerika iqtisadiyyatı üçün tənəzzül proqnozlaşdırıb.
Töhfə Səməd
tag: ABŞ , Donald Tramp ,İlon Mask,Ukrayna,Təhlil,todaypress.tv,
