Millət vəkili: “Rusiya reallıqları düzgün qiymətləndirməlidir”
Siyasət
25.07.2025 11:27
“Azərbaycanın Rusiya ilə münasibətlərində yaşanan son gərginliklərə baxmayaraq, Bakı tərəfi əməkdaşlığın davam etdirilməsində və problemlərin diplomatik yolla həllində maraqlıdır”.
Deputat Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib.
O vurğulayıb ki, Azərbaycan Respublikası bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və qarşılıqlı fəaliyyət göstərməyi konstitusion hədəflərindən biri kimi müəyyən edib. Azərbaycan xarici siyasətini beynəlxalq hüququn prinsipləri əsasında qurmağa üstünlük verir və bu çərçivədə Rusiya ilə münasibətlərin də eyni prinsiplərə uyğun davam etməsini vacib sayır.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu münaqişələrin həllində müharibə yolunu istisna edir. Azərbaycan hətta 30 il ərzində ərazilərini işğalda saxlamış Ermənistanla belə əməkdaşlıq mühitinin təşəbbüskarı olub. 200 ildən artıq tarixi, hüquqi, siyasi, mədəni və humanitar əlaqələrə malik olduğumuz Rusiya ilə münasibətlərin hər hansı formada korlanmasında maraqlı deyilik”.
Deputat, hazırda 2 ölkə arasında gərginliklərin müşahidə olunduğunu, lakin bunun Bakının siyasətindən qaynaqlanmadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu gərginliyin səbəblərinin aradan qaldırılmasını və münasibətlərin normallaşmasını arzulayır.
“Rusiyanın Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduqdan sonra bu cinayəti ört-basdır etməsi, daha sonra bu ölkədə yaşayan Azərbaycan diasporunun fəallarına qarşı terror siyasəti iki ölkə arasında münasibətlərin normallaşması üçün həllini gözləyən məsələlərdir”.
Bununla belə, o bildirib ki, Azərbaycan cəmiyyəti və mediası bu məsələlərə təmkinlə yanaşır və dövlət maraqlarının populist bəyanatlarla deyil, praqmatik yanaşmalarla təmin olunmasını dəstəkləyir.
“Rusiya reallıqları düzgün qiymətləndirməli və öz maraqlarını yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq şəraitində təmin edə biləcəyini anlamalıdır”, - deyə deputat fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Bəhruz Məhərrəmov,Deputat,Rusiya,Reallıq,Todaypress.tv,