Millət vəkili: “Naxçıvanla bağlı Konstitusiya yenilikləri dövlətçilik üçün mühüm müjdədir”
Siyasət
05.11.2025 11:22
“Avropanın bir çox ölkəsində milli maraqların müdafiəsi konstitusiya səviyyəsində ayrıca yanaşma ilə təmin olunur”.
TodayPress TV xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.
Deputat qeyd edib ki, Azərbaycan da dövlət müstəqilliyini daha da möhkəmləndirəcək islahatlar haqqında düşünməlidir:
“Biz artıq müstəqilliyimizi qorumaqdan çox, onu gücləndirəcək islahatlar barədə düşünməliyik. Naxçıvanla bağlı Konstitusiya yenilikləri isə bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır və bir müjdə kimi qiymətləndirilə bilər”, – deyə parlamentari vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin 21 iyunda keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (3-1 və 28-1) əlavə edilir, bir maddə çıxarılır və bir sıra bölmələrdə dəyişikliklər aparılır.
Əsas yeniliklərdən biri “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” maddəsinin əlavə olunmasıdır. Bu struktur Prezidentin müəyyən etdiyi vəzifələri yerinə yetirən, birbaşa dövlət başçısına tabe olan icra orqanı kimi fəaliyyət göstərəcək.
Qiymət Mahir
tag: Avropa,Əli Hüseynli ,2025,Qlobal çağırışlar,Todaypress.tv,
