Elxan İbrahimov: “Azərbaycan xalqı Həmrəylik Gününü “Qalib xalq” statusunda qeyd edir”

Siyasət

27.12.2025 13:31

“Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün ən yüksək zirvəsinə çatıb”.

TodayPress TV xəbər verir ki, bunu Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov “Konstitusiya və Suverenlik ili” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Həmrəylik körpüsü” adlı tədbirdə çıxışı zamanı deyib.

Elxan İbrahimov bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi tarixi zərurətdən irəli gəlib və bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyi, eləcə də ölkənin bütün ərazilərində dövlət suverenliyinin tam bərqərar olması böyük qürurla qeyd olunub.

İcra başçısı vurğulayıb ki, “Konstitusiya və Suverenlik ili”nin ən mühüm diplomatik uğuru avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ-nin vasitəçiliyi ilə imzaladığı Birgə Bəyanat olub:

“Bu sənəd regionda onilliklərdir davam edən qeyri-müəyyənliyə son qoymaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqi müstəvidə bir daha təsdiqlədi. Prezident İlham Əliyevin illərdir apardığı prinsipial siyasət nəticəsində artıq regionun taleyini kənar güclər deyil, məhz suveren dövlətlər özləri müəyyən edir. Üçtərəfli formatda əldə olunmuş razılaşmalar Zəngəzur dəhlizi və digər regional yolların açılması üçün hüquqi zəmin yaratdı və bu, Azərbaycanın diplomatik masada da öz iradəsini qəbul etdirdiyini göstərir”.

E.İbrahimov bildirib ki, beş ildir Azərbaycan xalqı Dünya Azərbaycanlılarının Həmrəylik Gününü “Qalib xalq” statusunda qeyd edir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı lokal antiterror tədbirləri Azərbaycan xalqının dövlətinin və ordusunun ətrafında sarsılmaz birlik nümayiş etdirdiyini sübut edib.

İcra başçısı çıxışında şəhid ailələri və qazilərə xüsusi müraciət edərək bildirib ki, onların rəşadəti sayəsində bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. O vurğulayıb ki, dövlət hər zaman şəhid ailələrinin və qazilərin yanındadır və bu, həm vəzifə, həm də mənəvi borcdur.

“2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri genişləndirilib, on minlərlə soydaş doğma yurdlarına qayıdıb. Bu proses yalnız fiziki köç deyil, eyni zamanda Konstitusiyanın həmin torpaqlarda sosial-iqtisadi təminatının bərpasıdır. Eyni zamanda “Rəqəmsal hökumət” layihələri sayəsində dövlət idarəçiliyində şəffaflıq artıb, Azərbaycan qlobal enerji təhlükəsizliyi və nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirib”, – deyə icra başçısı əlavə edib. 

Sonda o, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunmasının ölkənin, xüsusilə də paytaxt Bakının müasir simasının formalaşmasında yeni mərhələnin başlanğıcı olduğunu bildirib və Nəsimi rayonunun bu istiqamətdə nümunəvi mərkəzə çevriləcəyinə əminliyini ifadə edib.

Qiymət Mahir

TodayPress TV

tag: Elxan İbrahimov,Nəsimi,İcra,Konstitusiya,Todaypress.tv,