Ceyhun Bayramov: “907-ci düzəlişin tam ləğvi yeni imkanlar aça bilər”
Siyasət
26.12.2025 16:12
“907-ci düzəlişin qəbulu Azərbaycan üçün ədalətsizlik olub. Mövcud yeni reallıqlar fonunda bu düzəlişin qüvvədə saxlanılması gərəksiz hesab edilir və onun tam ləğvi üçün konkret addımlar atılmalıdır”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, bu istiqamətdə 2025-ci ilin dekabr ayında ABŞ-nin Florida ştatından olan konqresmen Anna Paulina Luna tərəfindən təşəbbüs irəli sürülüb. Onun sözlərinə görə, 907-ci düzəlişə tam xitam verilməsi Azərbaycan–ABŞ münasibətləri kontekstində yeni imkanların yaradılması baxımından düzgün və vaxtında atılmış addım olar.
Ceyhun Bayramov qeyd edib ki, əvvəllər də bu düzəlişin ləğvi ilə bağlı təşəbbüslər mövcud olub, lakin hazırkı şərait əvvəlki dövrlərdən fərqlənir. Nazir vurğulayıb ki, hazırda bu məsələnin həlli üçün daha münbit zəmin formalaşıb.
O əlavə edib ki, Azərbaycanın gözləntisi 907-ci düzəlişin tam götürülməsi istiqamətindədir və bu məsələdə son qərarı ABŞ tərəfi verəcək.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,
