Azərbaycan ərazi məsələsini birdəfəlik bağladı, lakin... – Ramiz Yunus yazır
Siyasət
17.02.2026 19:53
Biz 26 il gözlədik. Dağıdılmış evlərə, yandırılmış kəndlərə, məcburi köçkün düşərgələrinə dözdük. Dünya “mürəkkəb münaqişə” və “diplomatik kompromis”dən danışarkən şəhərlərimizin yad bayraq altında qalmasına şahid olduq. Bu gün Azərbaycan deyir: gözləmək kifayətdir. Bu gün tarixin öz hökmünü çıxardığı məqamdır.
![]()
Mən Qarabağ ağrısı ilə böyüdüm. Biz diplomatik debatların sədaları altında deyil, itirilmiş evlər, dağıdılmış qəbiristanlıqlar, yandırılmış kəndlər haqqında hekayələrlə böyüdük. “İşğal” sözü bizim – Azərbaycan vətəndaşları üçün termin deyil, onilliklərə uzanan milli alçaldılma vəziyyəti idi.
Ədalətə inanan, amma getdikcə daha çox “Doğrudanmı bu cavabsız qalacaq?” deyə soruşan insanların yorğun gözlərini xatırlayıram. Təxminən bir milyon azərbaycanlı öz evlərindən məhrum edilmişdi, Qarabağ və ona bitişik 7 rayon uzun illər Ermənistanın işğalı altında qalmışdı və onun arxasında Rusiya ilə Qərb dayanırdı. Dünya isə bu müddətdə “balansdan”, “kompromis axtarışından” danışırdı.

ATƏT-in Minsk qrupunun himayəsi altında onilliklərlə danışıqlar prosesi aparıldı. Rusiya, Fransa, ABŞ Azərbaycanı gözləməyə çağırır, bu problemin hərbi həllinin olmadığını deyir və hamını, Azərbaycandan başqa hamını qane edən bu yalan danışıqları aparmağa bizi inandırmağa çalışırdılar. Lakin öz torpağının qaytarılmasını sonsuzadək gözləmək mümkün deyil, suverenlik barədə isə alver aparmaq olmaz.

Xocalı faciəsi hesabatda bir abzas deyil, hər bir Azərbaycan vətəndaşının şəxsi ağrısıdır. Bu da izah edir ki, Azərbaycan üçün ədalət niyə həmişə emosionaldır, çünki onun arxasında insan taleləri dayanır.
2020-ci ildə tarix öz istiqamətini dəyişdi. İkinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində Azərbaycan onilliklərlə davam edən danışıqların edə bilmədiyini etdi. Əvvəlcə Qarabağın bir hissəsi və ona bitişik 7 rayon işğaldan azad olundu, üç il sonra isə bir günlük parlaq antiterror əməliyyatından sonra dövlətimiz bütün ərazisi üzərində tam suverenliyini bərpa etdi. Bu, emosiyaların partlayışı deyil, beynəlxalq qətnamələrlə təsbit olunmuş hüququn bərpası idi.

Lakin ərazinin bərpası hekayənin yalnız yarısıdır. İkinci yarısı məsuliyyətdir...
Bakıda separatçı rejimin liderləri üzərində məhkəmə prosesləri başlayanda Azərbaycan cəmiyyətində bir ifadə yarandı – “Azərbaycan Nürnberqi”.
![]()
Bu metaforadır, lakin çox dəqiqdir. 1946-cı ildə bəşəriyyət ilk dəfə dedi: insanlara qarşı cinayətlər siyasətlə bəraət qazandırıla bilməz. Xatırladım ki, o zaman müttəhimlər kürsüsündə dinc əhalinin qanına bulaşmış nasist liderləri ilə yanaşı, sistem adamı, elitanın nümayəndəsi, özünü “texnokrat” kimi təqdim etməyə çalışan Albert Şpeer də vardı. Tarix onun bəhanələrini qəbul etmədi və o, ölüm hökmündən yayınsa da, 20 il həbs cəzasına məhkum edildi və bu müddəti tam olaraq Şpandau həbsxanasında çəkdi.
![]()
Bu gün Bakıda kimlik və xalq mühakimə olunmadı. Qərarlar mühakimə olundu. Sülh axtarmaq mümkün olduğu halda regionu münaqişədə saxlayan “miatsum” layihəsi mühakimə olundu. Silahı yerə qoymaq və Azərbaycan vətəndaşlığını qəbul etmək təkliflərini rədd edənlər mühakimə olundu.
Məhkəmə prosesində xüsusi diqqət dünyada “Kremlin pul kisəsi” kimi tanınan və vaxtilə Ukraynada Donbasda müharibəni maliyyələşdirən Ruben Vardanyana yönəldi. Lakin bioqrafiyasındakı bu fakta baxmayaraq, onun tərəfdarları, xüsusilə də qalmaqallı Samanta Pauer kimi şəxslər, bu cinayətkara münasibətdə humanizm barədə timsah göz yaşları axıdırlar. Tarix sözləri deyil, əməlləri qiymətləndirir. Dönüm nöqtələrində elitalar seçim edir – sülhə getmək, yoxsa münaqişəni alovlandırmaq? Ruben Vardanyan və onun arxasında dayanan siyasi qüvvələr öz seçimlərini etdilər və bu gün həmin seçim məhkəmədə qiymətləndirildi. Ruben Vardanyan da vaxtilə nasistlərin əlaltısı olmuş Albert Şpeer kimi 20 il həbs cəzasına məhkum edildi. Digər erməni separatçı liderləri də oxşar müddətlərə, o cümlədən ömürlük həbs cəzasına məhkum olundular.

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin Fransa televiziya kanalına ("France 24") verdiyi müsahibə zamanı jurnalist məhkum olunmuş erməni separatçıların azad edilməsi ilə bağlı sual səsləndirdi. Prezident İlham Əliyev çox sərt cavab verdi və erməni separatçılarını hitlerçi nasistlərlə müqayisə etdi. Görünürdü ki, bu cavab jurnalistin və onun arxasında duranların xoşuna gəlmədi. Lakin Azərbaycan daxilində bu sözlər tamam başqa cür qarşılandı – çox uzun müddət susmuş bir xalqın səsi kimi. Onilliklər boyu ağrı yaşamış bir millətdən ədalət haqqında pıçıltı ilə danışmağı tələb etmək mümkün deyil.
![]()
Bu məqalədə mən erməni cəmiyyətinə də müraciət edirəm. Bu proses sizə qarşı məhkəmə deyil. Bu, Ermənistanı təcridə, yeni itkilərə, qarşıdurma mühitində böyümüş bir nəslə gətirib çıxaran “miatsum” adlı siyasi kursun məhkəməsidir.
Bu gün Ermənistanın qarşısında seçim dayanır – sülh, yoxsa yenidən müharibə? Baş nazir Nikol Paşinyan həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərdə yeni səhifə açmaqdan, sülhdən danışır. Lakin erməni cəmiyyəti tarixi zor gücü ilə yenidən yazmağın mümkün olduğuna inanmağa davam edərsə, Azərbaycanla Ermənistan arasında sülh mümkün olmayacaq.

"Azərbaycan Nürnberqi" güc nümayişi deyil. Bu, siyasətin bitdiyi və məsuliyyətin başladığı sərhəddir. Azərbaycan ərazi məsələsini birdəfəlik bağladı, lakin Azərbaycan xalqı tarixi yaddaş məsələsini heç vaxt bağlamayacaq. Çünki öz faciələrini unudan xalq onları yenidən yaşamaq riski daşıyır.
![]()
Azərbaycan çox uzun müddət “hədiyyə gətirən danaalıların” nitqlərini dinlədi, onların qətnamələrini oxudu. Bu gün biz Ermənistana və onun cəmiyyətinə deyirik – separatizm dövrü də, cəzasızlıq dövrü də başa çatdı. Xalqlarımız arasında sülh qapısı açıqdır, lakin bu qapı birtərəfli açılmır, bu, iki istiqamətli yoldur. İndi reallıq özü qərar verir və bu qərar qətidir.
Almaniyanın 1-ci kansleri Otto Bismarkın dediyi kimi:
![]()
“Zamanın böyük məsələləri nitqlər və qətnamələrlə deyil, dəmir və qanla həll olunur”.
Ramiz Yunus
“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru
tag: Ramiz Yunus,Bakı,Məhkəmə,Vardanyan,Münxen,Todaypress.tv,
