Rusiya-Ukrayna savaşı nə vaxt bitəcək? – PROQNOZ

Təhlil

11.08.2025 17:29

"Rusiya ilə Ukrayna arasında gedən müharibənin yaxın vaxtlarda danışıqlar yolu ilə dayandırılması mümkündür. Gözləntilərə əsasən, bu proses 2025-ci ilin sentyabrında reallaşa bilər".

Siyasi ekspert Vüqar Əhmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun fikrincə, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutacaq görüş müharibənin dayandırılması istiqamətində ciddi təkan ola bilər:

"Tərəflər artıq üç ildən çoxdur ki, intensiv hərbi əməliyyatlar aparır. Hər iki ölkə ciddi itkilər verib. Belə miqyaslı müharibə həm Rusiyanı, həm də Ukraynanı tükəndirib. İlk növbədə döyüş əməliyyatları dayandırılmalı, ardınca isə tərəflər danışıqlara başlamalıdır. Münaqişənin həlli əsasən ABŞ və Rusiya arasında aparılacaq danışıqlardan asılı olacaq. Tramp bu müharibəni dayandırmaqda qərarlıdır. Əgər Putinlə Tramp arasında uzun fasilədən sonra görüş razılaşdırılıbsa, bu artıq irəliləyiş hesab edilə bilər".

Ekspert əlavə edib ki, görüş ərəfəsində ABŞ Rusiyaya qarşı təzyiqləri artırmağa çalışır. Həmçinin, gözləntilər ondan ibarətdir ki, Alyaskada keçiriləcək görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də prosesə cəlb oluna bilər.

V.Əhmədov ehtimal edir ki, görüş zamanı danışıqların gərgin keçməsi mümkündür:

"Tərəflər hələlik kompromisdən uzaqdır. Lakin indiki mərhələdə Trampın əsas hədəfi müharibəni dayandırmaq və insan tələfatının qarşısını almaqdır. Sonrakı mərhələdə danışıqların predmeti daha geniş siyasi məsələləri əhatə edəcək. Düşünürəm ki, Alyaska görüşündən sonra sentyabr ayı bu münaqişənin gedişatı baxımından həlledici ola bilər".

Analitik diqqətə çatdırıb ki, hazırda Trampın əsas məqsədi dünyada daha genişmiqyaslı fəlakətlərin qarşısını almaqdır. Tərəflər bu tarixdən sonra artıq aktiv danışıqlar mərhələsinə keçə bilərlər. Münaqişənin tam həlli vaxt alsa da, müharibənin dayandırılması insan tələfatının qarşısının alınması və sülhün təmin olunması baxımından Tramp üçün mühüm uğur sayıla bilər.

Qeyd edək ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada görüş planlaşdırılır.

Qiymət Mahir

tag: Vüqar Əhmədov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo