İran İsrailin gizli sənədlərini ələ keçirib? - Psixoloji təzyiq, yoxsa...

Təhlil

12.06.2025 12:56

“İranın İsrailin nüvə sirlərini ələ keçirməsi ilə bağlı iddiası təkcə regionun deyil, qlobal təhlükəsizlik arxitekturasının təməlini sarsıda biləcək qədər ciddi məsələdir”.

Siyasi şərhçi Həşim Səhrablı bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, bu məlumatlar hələlik yalnız iddia xarakteri daşıyır və onların dəqiqləşdirilməsinə ehtiyac var.

“İddiaların mənbəyi və təqdim olunan sənədlərin mahiyyəti barədə dəqiq məlumat yoxdur. İran yalnız sənədlərin sayını açıqlayıb, lakin onların məzmunu barədə ictimaiyyətə heç bir konkret məlumat verilməyib. Bu səbəbdən də bu məsələyə ehtiyatla yanaşmaq, rəsmi təsdiqləri gözləmək lazımdır. Bu cür iddialar, xüsusilə ABŞ ordusunun bölgədə fəallaşdığı və İsrailin hazırlıq vəziyyətinə gətirildiyi bir dönəmdə psixoloji təzyiq məqsədi daşıya bilər. Çünki İranın belə bir zamanda bu məlumatı dövriyyəyə buraxması təsadüfi deyil. Məqsəd, ABŞ və İsrailin mümkün hərbi planlarını ləngitmək və qarşı tərəfi düşünməyə vadar etmək ola bilər. Amma bu o demək deyil ki, bu informasiya mütləq dezinformasiyadır. Tam əksinə, bu, ciddi təhlükəsizlik narahatlığı doğura biləcək bir ehtimaldır”.

Analitik onu da vurğulayıb ki, əgər İran iddia etdiyi kimi, həqiqətən də İsrailin nüvə proqramına dair sənədləri əldə edibsə, bu, İsrailin milli təhlükəsizliyi üçün böyük bir uğursuzluq sayıla bilər. Çünki indiyə qədər Mossad dünyada ən güclü və nüfuzlu kəşfiyyat orqanı kimi tanınıb. Əgər doğrudan da İran bu orqanın daxilinə sızaraq strateji məlumatları ələ keçiribsə, bu, həm İsrailin kəşfiyyat sistemində ciddi boşluqların mövcudluğunu, həm də İranın kəşfiyyat imkanlarının gözlənildiyindən daha güclü olduğunu göstərir. Sənədlərin İrana nüvə silahı hazırlamaq yolunda texniki üstünlük qazandıracağı da istisna deyil. Bu isə regionda hərbi balansı dəyişə, təhlükəli silahlanma yarışına yol aça bilər. 

Təl-Əvivin Tehrana hərbi zərbə endirməsi ehtimalına gəldikdə isə, siyasi şərhçi bu məsələdə İsrailin müstəqil qərar vermək imkanlarının məhdud olduğunu bildirib. 

Qeyd edək ki, İranın dövlət televiziyası "İRİB"in yaydığı məlumata görə, rəsmi Tehran İsrailin nüvə proqramına dair 1000-ə yaxın gizli strateji sənədlərini əldə edib. Bildirilib ki, bu məlumatlar İsraildən çıxarılıb və hazırda araşdırılır. İddialara görə, sənədlər artıq təhlükəsiz məkanlara çatdırılıb, hazırda onların araşdırılması və hissə-hissə yayımlanması planlaşdırılır. 

Töhfə Səməd

tag: ABŞ,Təhlil,İran,İsrail,todaypress.tv,

photo