2025-ci il: Azərbaycan Prezidentinin xarici səfərləri və diplomatik gündəm
Siyasət
29.12.2025 17:39
2025-ci il Azərbaycan üçün xarici siyasət baxımından intensiv və məqsədyönlü diplomatik fəaliyyət ili kimi yadda qaldı. İl ərzində ölkə Prezidenti xarici ölkələrə etdiyi rəsmi və işgüzar səfərlər çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi, enerji və nəqliyyat layihələrinin təşviqi, eləcə də regional və qlobal proseslərə dair mövqelərin uzlaşdırılması istiqamətində ardıcıl və çoxşaxəli təmaslar həyata keçirdi.
TodayPress TV 2025-ci il ərzində ölkə Prezidentinin xarici ölkələrə səfərlərinin coğrafiyasına, əsas məqsədlərinə və diplomatik nəticələrinə nəzər salır.
İlin ilk xarici səfəri yanvarın 13–14-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) baş tutdu. Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Əbu-Dabiyə işgüzar səfər etdi.

Görüşlər zamanı Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi dialoqun yüksək səviyyədə olduğu və iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulandı. Səfər çərçivəsində Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılışında və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirak etdi.

Yanvarın 20-də Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər etdi. Davosda keçirilən forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və qlobal şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirildi. Bu təmaslar Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda rolunun və regional təşəbbüslərinin təqdimatı baxımından əhəmiyyət kəsb etdi.

Martın 5-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəldi.

Səfər çərçivəsində iki ölkə lideri arasında təkbətək görüş keçirildi, İğdır–Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı baş tutdu. Layihənin Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycan–Türkiyə strateji əməkdaşlığında xüsusi əhəmiyyət daşıdığı vurğulandı.

Aprelin 10–11-də Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirak etdi.

Forum çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşlər keçirildi. Ölkəmizin başçısı məhz bu görüşdə Əhməd Əl Şaraanı Azərbaycana dəvət etdi. Bu səfər regional dialoqun genişlənməsi və Azərbaycanın Yaxın Şərq proseslərinə münasibətinin çatdırılması baxımından diqqət çəkdi.

Aprelin 22–24-də Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər etdi.

Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirilən görüşdə Azərbaycan–Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bir daha təsdiqləndi. Səfər çərçivəsində Birgə Bəyanat imzalandı, ümumvətəndaş pasportlarına malik şəxslər üçün vizasız rejimi nəzərdə tutan saziş də daxil olmaqla bir sıra mühüm sənədlər qəbul edildi. Enerji, nəqliyyat və Orta Dəhliz üzrə əməkdaşlıq müzakirələrin əsas mövzuları sırasında yer aldı.

Mayın 15–16-da Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etdi.

Zirvə çərçivəsində Avropa İttifaqı rəhbərliyi ilə görüşlər keçirildi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Mərkəzi Asiya ilə Avropa arasında bağlantı funksiyası xüsusi vurğulandı. Albaniya ilə ikitərəfli münasibətlərin inkişaf perspektivləri də müzakirə olundu.

Mayın 20–21-də Prezident İlham Əliyev Macarıstana işgüzar səfər etdi. Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla keçirilən görüşdə siyasi dialoq, enerji əməkdaşlığı və Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi. Səfər çərçivəsində dövlət başçısı TDT-nin qeyri-rəsmi Zirvə toplantısında iştirak etdi.

İyunun 19-da Prezident İlham Əliyev Türkiyəyə növbəti səfəri zamanı Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışında iştirak etdi. Bu səfər Azərbaycan–Türkiyə münasibətlərinin humanitar və simvolik tərəfinin nümayişi kimi dəyərləndirildi.

İyulun 9–10-da Prezident İlham Əliyev yenidən Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etdi. Əbu-Dabidə keçirilən görüşlərdə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı müzakirə olundu.

İyulun 10-da isə Əbu-Dabidə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu, görüş əsasən sülh gündəliyi və regional sabitlik mövzularına həsr olundu.

Avqustun 7–8-də Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etdi.

Səfər zamanı SOCAR ilə “ExxonMobil” arasında əməkdaşlıq sənədi imzalandı, Azərbaycan–ABŞ münasibətlərinin strateji çərçivəsinin genişləndirilməsi müzakirə edildi.
Avqustun 8-də Ağ Evdə Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi, sülh prosesinə dair sənədlər paraflandı və birgə bəyanat qəbul olundu.

Avqustun 22-də Prezident İlham Əliyev Türkmənistana işgüzar səfər etdi. Türkmənistan və Özbəkistan liderləri ilə keçirilən görüşlərdə regional nəqliyyat, enerji və Orta Dəhliz layihələri müzakirə edildi, üçtərəfli Birgə Bəyanat qəbul olundu.

Avqustun 30-dan sentyabrın 3-dək Prezident İlham Əliyev Çin Xalq Respublikasına növbəti səfər həyata keçirdi. Burada Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla növbəti görüşü oldu. Dövlət başçısı Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdə iştirak etdi.

Sentyabrın 1-də Zirvə çərçivəsində Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirdi.

Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəldi.

Səfər çərçivəsində dövlətimizin başçısı beynəlxalq maliyyə və investisiya dairələrinin nümayəndələri ilə görüşlər keçirərək Azərbaycanın enerji, infrastruktur və uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə etdi.
Sentyabrın 25-də dövlətimizin başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın beynəlxalq gündəliyə dair mövqeyini diqqətə çatdırdı.
Oktyabrın 1-də Prezident İlham Əliyev Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Kopenhagenə səfər etdi. Səfər çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüş keçirildi. Dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri münasibətilə təbriklərini çatdırdı, qarşı tərəf isə Vaşinqtonda Ermənistan–Azərbaycan sülh gündəliyi üzrə əldə olunan nəticələri müsbət qiymətləndirdi.
Oktyabrın 2-də Kopenhagendə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görüşdə ABŞ-nin təşəbbüsü ilə aparılan sülh prosesinin əhəmiyyəti vurğulandı və tərəflər sülhün möhkəmləndirilməsi istiqamətində dialoqu davam etdirməyə hazır olduqlarını bildirdilər.
Oktyabrın 9–10-da Prezident İlham Əliyev Tacikistan Respublikasında MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etdi. Düşənbədə keçirilən görüşlər və iclaslar zamanı regional əməkdaşlıq, təhlükəsizlik və MDB məkanında inteqrasiya məsələləri müzakirə olundu.
Oktyabrın 12–13-də Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının və Misir Ərəb Respublikasının dəvəti ilə Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etdi. Sammit çərçivəsində regional sabitlik və siyasi dialoq məsələləri diqqət mərkəzində oldu.
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına işgüzar səfər edərək paytaxt Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşlər keçirdi. Görüşlər zamanı Azərbaycan–Qazaxıstan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri bir daha təsdiqləndi. Səfər çərçivəsində “Orta Dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu. Bildirildi ki, Çin və Orta Asiya ölkələrini Avropa ilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional və qitələrarası ticarət üçün strateji əhəmiyyət daşıyır, Çindən Azərbaycana daşımaların həcminin 2030-cu ilədək əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Səfər zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair sənədlər imzalandı, Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi və tərəflər nəqliyyat, logistika və innovasiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
Noyabrın 15-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Daşkəndə səfər edərək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etdi. Səfər çərçivəsində iki ölkə lideri arasında görüş keçirildi, Azərbaycan–Özbəkistan münasibətlərinin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyi vurğulandı. Noyabrın 16-da keçirilən Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı qismində qoşulması regionlararası əməkdaşlığın genişlənməsi baxımından mühüm addım kimi dəyərləndirildi.
Dekabrın 8–9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına rəsmi səfər etdi. Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini ilə keçirilən görüşlərdə siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edildi, enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olundu. Səfər çərçivəsində Prezident İlham Əliyev Slovakiya Respublikasının Milli Şurasının sədri və Baş naziri ilə də görüşlər keçirdi. Tərəflər qarşılıqlı səfərlərin Azərbaycan–Slovakiya strateji tərəfdaşlığının inkişafına mühüm töhfə verəcəyini vurğuladılar.
Beləliklə, 2025-ci ildə Prezident İlham Əliyevin xarici səfərlərinin coğrafiyası 13 ölkəni əhatə edib. Türkiyə ilə münasibətlər xüsusi intensivliklə davam edib və bu ölkəyə üç dəfə səfər həyata keçirilib. ABŞ, Çin və Birləşmiş Ərəb Əmirlikləri isə iki dəfə ziyarət olunaraq Azərbaycanın qlobal siyasi, iqtisadi və təhlükəsizlik gündəliyində prioritet tərəfdaşlar olduğunu bir daha nümayiş etdirib.
Qiymət Mahir
tag: Prezident,İlham Əliyev,Xarici səfər,Diplomatik gündəm,Todaypress.tv,
