Qanda natrium çatışmazlığı hansı problemlər yaradır?
Sağlamlıq
17.06.2025 18:30
Yaponiyanın Fudzita Səhiyyə Universitetinin alimləri müəyyən ediblər ki, xroniki natrium çatışmazlığı (hiponatremiya) beyində kimyəvi tarazlığı pozur və təşviş pozuntularına yol aça bilər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Molecular Neurobiology" jurnalında dərc olunub.
Əvvəllər hiponatremiya nisbətən zərərsiz vəziyyət kimi qiymətləndirilirdi. Lakin yeni təcrübələr göstərib ki, uzunmüddətli natrium çatışmazlığı mərkəzi sinir sisteminin əsas neyrotransmitterlərinə təsir edir və davranış pozuntuları yarada bilər.
Tədqiqat zamanı siçanlara uzun müddət az natrium tərkibli maye qida və desmopressin adlı dərman verilib. Bu da onların qanında natrium səviyyəsinin azalmasına və narahat davranışların yaranmasına səbəb olub.
Beyin analizləri zamanı məlum olub ki, qorxu və emosiyaların emalında iştirak edən amigdala nahiyəsində serotonin və dopamin səviyyələri azalıb. Həmçinin, emosional reaksiyaların formalaşmasında mühüm rol oynayan ERK siqnal yolunun aktivliyi pozulub.
Müalicə dayandırıldıqdan və normal qidalanmaya keçildikdən sonra siçanların natrium səviyyəsi və beyin kimyası normallaşıb, təşviş davranışları isə aradan qalxıb. Bu isə göstərir ki, belə əlamətlər natrium çatışmazlığı ilə bağlı ola və geri dönə bilər.
Tədqiqat heyvanlar üzərində aparılsa da, alimlər qeyd edir ki, nəticələr xüsusilə yaşlı insanlar üçün əhəmiyyətli ola bilər. Çünki bu qrupda xroniki hiponatremiya tez-tez müşahidə olunur və izahsız təşviş halları su-duz balansının pozulması ilə əlaqəli ola bilər.
Qiymət Mahir
tag: Beyin,Yaponiya,Səhiyyə ,Tədqiqat,Todaypress.tv,