Paşinyan: "Siz nəyi, kimi müdafiə edirsiniz?
Qərbi Azərbaycan
12.06.2025 15:39
"Erməni Apostol Kilsəsini riyakarlardan və fariseylərdən azad etmək prosesində bəziləri burada “türk” və ya “azərbaycanlı izi” görməyə çalışırlar. Öz çirkinliklərini erməni ictimaiyyətindən gizlətmək üçün “azərbaycanlı” və ya “türk” arqumentindən istifadə etmək ikiüzlülüyün ən bariz ifadəsidir".
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, bu metodu tətbiq edənlər həm də xarici qüvvələrə imkan verirlər ki, ölkədə sağlam ictimai diskussiyanı pozsunlar, istənilən islahat cəhdini sıradan çıxarsınlar və Erməni Apostol Kilsəsini indiki kimi çıxılmaz vəziyyətdə saxlasınlar.
"Kilsəmizin müqəddəslərini təhqir edən Katriç Nersisyan və onun kimi keşiş libasına bürünmüş şəxslər, əslində, Ermənistanın və Erməni Kilsəsinin tərəqqisini istəməyən qüvvələrə verilmiş bir hədiyyədir. Bəziləri isə Katriç Nersisyanın müdafiəsinə qalxırlar. Siz nəyi müdafiə edirsiniz, kimi müdafiə edirsiniz? Yalanı, saxtakarlığı, təhqiri?! Beləliklə, siz özünüzü qoruyursunuz və bununla sizə heç bir şans qalmır".
Baş nazir bildirib ki, Erməni Apostol Kilsəsi yenidən İsa Məsihə və erməni xalqına qaytarılacaq. Katriç Nersisyan isə Katolikos iqamətgahını tərk etməlidir.
"Bir çoxları düşünür ki, mənim artıq yeni Katolikos namizədim var. Təəssüf ki, namizədim yoxdur. Amma Katolikosun necə biri olması barədə aydın təsəvvürüm var – O, Allaha inanan, İsa Məsihin davamçısı olan bir insan olmalıdır. Dələduz-faizçi deyil, kilsəyə xidmət edən, saleh ruhani olmalıdır – keşiş libasında gizlənmiş fasiq yox. Və biz mütləq belə bir saleh, Allahdan qorxan Katolikos görəcəyik", - deyə Paşinyan əlavə edib.
Töhfə Səməd
tag: Erməni Apostol Kilsəsi,Baş nazir,Nikol Paşinyan ,Katriç Nersisyan,todaypress.tv,