Karapetyan yeni siyasi qüvvə yaratmaq niyyətindədir

Qərbi Azərbaycan

14.07.2025 11:31

Ermənistanda həbsdə olan rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan ölkədə yeni siyasi qüvvə yaratmaq niyyətini bəyan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat onun "Facebook" səhifəsində dərc olunub.

İş adamı Ermənistanın Baş nazir Nikol Paşinyanın "antimilli siyasətinə" qarşı çıxan siyasi qüvvə və fiqurlara hörmət etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, özünün və tərəfdaşlarının Ermənistanın gələcəyi ilə bağlı fərqli baxışları var və daxili siyasi əməkdaşlıq imkanlarını da istisna etmir.

Karapetyan xalqa ədalətli və ortaq məqsədlər uğrunda birləşəcəyinə, hakimiyyətin cəmiyyətə tətbiq etdiyi “ağ-qara süni bölgünü” aradan qaldıracağına söz verib.

Xatırladaq ki, 2024-cü il iyunun 18-də Karapetyan Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hakimiyyəti ələ keçirməyə çağırışlar ittihamı ilə saxlanılıb. Onun vəkili Armen Feroyan bildirib ki, Karapetyan təqsirini qəbul etmir.

Eyni gün İrəvan məhkəməsi sahibkara qarşı iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. Karapetyan həm də Rusiya vətəndaşıdır.

Həbsdən sonra Karapetyana məxsus bir sıra biznes strukturlarına qarşı yoxlamalar və bağlanmalar aparılıb. Onun “Pizza Taşir” şəbəkəsinin bir neçə obyektinin fəaliyyəti dayandırılıb.

Türkan İsgəndərli

tag: Ermənistan,Həbs,Karapetyan,Məhkəmə ,Todaypress.tv,