Sülhə aparan iqtisadi körpü - "Yeni tranzit marşrutu regionda iqtisadi əlaqələri canlandıracaq"
İqtisadiyyat
12.11.2025 18:01
Ötən həftə Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana daşınmasına başlanılıb. 6 noyabr 2025-ci ildə 30 ildən sonra ilk dəfə olaraq Azərbaycan ərazisindən keçirilən 1000 ton Qazaxıstan taxılı Ermənistana çatdırılıb. Bununla yanaşı, Rusiyadan göndərilən taxıl da Azərbaycan üzərindən Ermənistana tranzit qaydada daşınıb.
Prezident İlham Əliyev Azərbaycandan Ermənistana taxıl daşınmasına icazə verildiyini bəyan edib. Dövlət başçısı qeyd edib ki, yeni tranzit razılaşması regionda sülhün möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
İqtisadçı Eldəniz Əmirov məsələ ilə bağlı TodayPress TV-yə bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni tranzit razılaşmaları regionda sülhün möhkəmlənməsində mühüm rol oynayacaq.

Onun sözlərinə görə, ölkələr arasında uzunmüddətli sabitliyin və davamlı münasibətlərin əsasını məhz iqtisadi əlaqələr təşkil edir:
"Tranzit əlaqələri də bu iqtisadi münasibətlərin mühüm hissəsidir. Yaxın gələcəkdə Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də birbaşa ikitərəfli ticarət münasibətləri formatında Ermənistanla iqtisadi əlaqələri gücləndirəcək. Bu, artıq qaçılmaz bir prosesdir".
İqtisadçı vurğulayıb ki, Azərbaycanın ixracında Ermənistanın payı müəyyən səviyyədə olacaq və bu sahədə əsas yeri enerji resursları tutacaq:
"Ermənistan isə Azərbaycana daha çox emal və istehsal məhsulları, həmçinin tikinti xammalı göndərə bilər. Ümumilikdə, qeyri-neft sektoru üzrə Ermənistanın Azərbaycan bazarına daha çox məhsul ixrac etməsi ehtimal olunur", - deyə Eldəniz Əmirov fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Azərbaycan,Ermənistan,Tranzit,Taxıl,Eldəniz Əmirov,Todaypress.tv,
