“Mərkəzi Karyera Portalı” istifadəyə verildi

İqtisadiyyat

16.12.2025 12:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşəyönümü və karyera planlamasına dəstək göstərən “Mərkəzi Karyera Portalı” istifadəyə verilib. 

TodayPress TV xəbər verir ki, portalın yaradılmasında məqsəd əmək bazarına dair məlumatların vahid rəqəmsal platformada toplanması, gənclərin peşə seçimi və karyera inkişafı prosesinin dəstəklənməsi, işəgötürənlərin hansı bacarıqlara malik işçi qüvvəsinə tələblərinin olduğu barədə onların məlumatlılığının artırılmasıdır. 

“Mərkəzi Karyera Portalı”na “Məzunların məşğulluq reytinqi” platforması, “CV yarat” və “Alo karyera” dəstək xidməti ilə yanaşı, iki innovativ platforma - “İş dəyərləri aləti” və “Peşələrin atlası” da daxildir. 

“İş dəyərləri aləti” istifadəçilərə öz karyera və peşə maraqlarını müəyyənləşdirməyə kömək etmək üçün hazırlanıb. Belə ki, sistemdə yerləşdirilmiş sorğuda iştirak etməklə şəxslərin maraqları, təhsil və təcrübələri nəzərə alınaraq qiymətləndirmə aparılır. Onların maraqlarına uyğun gələn potensial peşə sahələrinin siyahısı təqdim edilir. Məqsəd istifadəçilərin öz karyeraları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmələrinə köməklik göstərməkdir.

 “Peşələrin atlası” platformasında isə peşələr üzrə təsvirlər, tələb olunan bilik və bacarıqlar, təhsil səviyyəsi və digər zəruri məlumatlar təqdim edilir. 

Bundan əlavə, portalın tərkibində yer alan “Məzunların məşğulluq reytinqi” platforması universitet məzunlarının təhsil aldıqları ixtisaslar üzrə əmək bazarında mövqeləri barədə məlumat verir. “Alo karyera” dəstək xidməti isə karyera planlaması, məqsədlərin müəyyən edilməsi, peşə və ixtisas seçimi, əmək bazarındakı tendensiyalar və s. suallar üzrə vətəndaşlara operativ məlumat dəstəyi göstərir. İstifadəçilər “CV yarat” platforması üzərindən isə qısa zamanda peşəkar və standartlara uyğun CV hazırlaya bilirlər.

“Mərkəzi Karyera Portalı” ilə bu linkə keçid edərək tanış olmaq mümkündür: 

https://careerportal.e-social.gov.az/

TodayPress TV

tag: Mərkəzi Karyera Portalı,İstifadə,ƏƏSMN,DMA,Todaypress.tv,