Snukerdə sensasiya: O’Sallivan 153 xallıq möcüzə göstərdi
İdman
20.03.2026 16:00
Yeddiqat dünya çempionu Ronni O'Sallivan snuker tarixində maksimum breyk rekordunu yeniləyib.
TodayPress TV xəbər verir ki, ingilis bilyardçı “World Open Snooker” turnirinin 1/4 finalında Rayan Dae üzərində 5:0 hesablı qələbə qazandığı matçda 153 xallıq seriya edib.
O’Sallivan rəqibinin səhvindən sonra “sərbəst top” (free ball) imkanı əldə edib və bunun sayəsində maksimum 147 xaldan artıq nəticə toplamaq şansı yaranıb.
Nəticədə o, klassik 15 qırmızı-top ardıcıllığı əvəzinə 16 dəfə qırmızı-top - rəngli top kombinasiyasını yerinə yetirib. “Sərbəst top” vəziyyətində maksimum 155 xal toplamaq mümkündür, lakin O’Sallivan iki dəfə qara top əvəzinə çəhrayı topu seçib.
Qeyd edək ki, bundan əvvəl rekord Ceymi Bernetə məxsus idi. O, 2004-cü ildə Böyük Britaniya çempionatının təsnifat mərhələsində oxşar vəziyyətdə 148 xallıq seriya etmişdi.
Namiq HUN
tag: Çempion,Yeddiqat,Breyk,Rekord,Todaypress.tv,
