DÇ 2026: Norveç İraqı məğlub etdi
Futbol üzrə dünya çempionatının I qrupunda Norveç və İraq yığmaları arasında keçirilən qarşılaşma avropalıların inamlı qələbəsi ilə başa çatıb.
TodayPress TV xəbər verir ki, Boston stadionunda oynanılan matçda Norveç 4:1 hesabı ilə qalib gəlib.
Oyunda hesabı 29-cu dəqiqədə Erlinq Holann açıb. İraq millisi 39-cu dəqiqədə Ayman Hüseynin qolu ilə tarazlığı bərpa etsə də, Holann 43-cü dəqiqədə yenidən fərqlənərək komandasını fasiləyə üstün yollayıb.
İkinci hissədə Norveç üstünlüyünü daha da artırıb. 76-cı dəqiqədə Leo Estiqor komandasının üçüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni isə əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə Kristian Torstvedt qoyub - 4:1.
Beləliklə, Norveç dünya çempionatına qələbə ilə başlayıb.