Brunu Fernandeş Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçildi
"Mançester Yunayted" futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasında (İPL) cari mövsümün ən yaxşı oyunçusu seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat İPL-in rəsmi saytında yayımlanıb.
Bu mövsüm ərzində Fernandeş rəqib qapılarından səkkiz top keçirib və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Asistlərin sayına görə portuqaliyalı oyunçu İPL-in əfsanəvi adları - Kevin De Bruyne (2019/20) və Tyerri Anrinin (2002/03) rekordunu təkrarlayıb. Üstəlik, "Mançester Yunayted"in çempionat çərçivəsində daha bir oyunu qaldığı üçün bu göstəricinin dəyişmə ehtimalı var.
Bu nüfuzlu mükafata həmçinin Erlinq Holand, Antuan Semenyo (hər ikisi - "Mançester Siti"), Qabriel Maqalhaes, David Raya, Deklan Rays (hamısı - "Arsenal"), Morqan Gibbs-Uayt ("Nottingem Forest") və İqor Tiaqo ("Brentford") kimi tanınmış futbolçular da namizəd göstərilmişdi.
Qeyd edək ki, Fernandeş 2010/11 mövsümündə Nemanya Vidiçdən sonra bu yüksək mükafatı qazanan ilk "Mançester Yunayted" oyunçusu kimi tarixə düşüb.