Müəllimlərə ŞAD XƏBƏR: “Bu kart vasitəsilə ödənişsiz imkanlar əldə edəcəklər”

Elm və Təhsil

15.08.2025 17:17

Yaxın vaxtlarda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu tərəfindən təhsil işçiləri üçün yeni çoxfunksional kart istifadəyə veriləcək. 

“Modern.az”ın güzəştli kartlarla bağlı Fonda ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, kart sahibləri bu yeniliyi əməkhaqqı kartı, giriş-çıxış kartı, debet kartı, "Apple Pay" və "Google Pay" ödənişləri, eləcə də nağdsız ödənişlər üçün istifadə edə biləcəklər. Bundan əlavə, “Mastercard priceless specials” platforması çərçivəsində müxtəlif endirimlərdən yararlanmaq imkanı da təqdim olunacaq.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, yeni kart təhsil işçiləri üçün mühüm üstünlüklər yaradacaq: 

"Bu kart əməkhaqqı, giriş-çıxış, həmçinin ödəniş və endirim funksiyalarını özündə birləşdirir. Daşınma rahatlığı, operativlik və rəqəmsal ödəniş imkanlarının genişlənməsi nağdsız əməliyyatları asanlaşdıracaq, təhlükəsizliyi artıracaq. “Mastercard” platforması üzərindən təqdim edilən güzəştlər müəllimlərin maddi yükünü yüngülləşdirə bilər. Giriş-çıxış funksiyası vasitəsilə iş intizamının izlənməsi və hesabatlılıq da təmin olunacaq".

Ekspert layihənin təkmilləşdirilməsi üçün təkliflərini də səsləndirib. Onun sözlərinə görə, kart sisteminə loyallıq və mükafat mexanizmləri əlavə oluna, yüksək nəticə göstərən müəllimlərə bonuslar verilə bilər. Həmçinin, kart vasitəsilə onlayn təlimlərə və konfranslara endirimli və ya ödənişsiz giriş imkanı yaradılaraq bütün bölgələrdə eyni funksionallıq təmin oluna bilər. 

“Məxfilik və təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməlidir. Giriş-çıxış və ödəniş məlumatlarının qorunması üçün güclü kibertəhlükəsizlik tədbirləri görülməlidir. Ümumilikdə bu təşəbbüs təhsil sahəsində rəqəmsallaşmanı və sosial dəstəyi gücləndirmək baxımından müsbət addımdır”, - deyə Rizvan Fikrətoğlu fikrini tamamlayıb.

Qeyd edək ki, Təhsilin İnkişaf Fondundan verilən məlumata əsasən, hazırda kartın texniki detalları üzərində işlər aparılır.

Türkan İsgəndərli

tag: Rizvan Fikrətoğlu,Ekspert,Müəllim,Kart,Todaypress.tv,

photo