Ekspert izah edir: "MİQ imtahanı ödənişli olacaq, çünki...”
Elm və Təhsil
15.09.2025 17:05
Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbul imtahanı ödənişli olacaq.
Ödənişin nə qədər olacağı ilə bağlı rəsmi məlumatın olmamasına baxmayaraq, bu qərar müəllimlər arasında narazılıqla qarşılanıb.
Belə ki, müəllimlərin bir çoxu MİQ imtahanının ödənişsiz olmasının tərəfdarıdır.
Bəs ekspertlər necə düşünürlər? MİQ imtahanı ödənişli, yoxsa ödənişsiz olmalıdır?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Kamran Əsədov, MİQ imtahanının ödənişli olmasınının səbəblərini belə izah edir.
Ekspert hesab edir ki, bu imtahan üçün ödənişin miqdarı çox olmayacaq:
"Müəllimlərin işə qəbul imtahanının özünə qeyri-ciddi yanaşan kifayət qədər insanlar var və onlar bu prosesə ancaq iştirakçı qismində daxil olurlar. Bəzən isə gəlmirlər. Aparılan təhlillər göstərir ki, məsələn, 2025-ci ildə müəllimlərin işə qəbul imtahanında 65 minə yaxın şəxs qeydiyyatdan keçmişdi, amma onların yanlız 50 minə qədəri prosesdə iştirak edib. Başqa sözlə desək, 15 mindən çox insan üçün kompüter, yer ayrılsa, resurslar səfərbər olunsa da, onlar bu prosesə qoşulmurlar. Hər il biz görürük ki, bütün illər, xüsusən də son 5 il ərzində ən azı 10 min nəfər qeydiyyatdan keçsə də, imtahanlarda iştirak eləmir. Bu da kifayət qədər dövlət büdcəsinin vəsaitinin boşuna xərclənməsi deməkdir və insanlar bu prosesə ciddi yanaşmırlar. Digər tərəfdən, bizim apardığımız təhlillər göstərir ki, imtahan iştirakçılarının 37 faizi ümumiyyətlə müsabiqə şərtini ödəmir, keçid balını toplamır. Yəni çox aşağı nəticələr toplayırlar, çünki ciddi hazırlanmırlar".
Qeyd edək ki, müəllimlərin işə qəbul imtahanında ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə şamil olunmayacaq.
Ziyafət Əlisoy/Türkan İsgəndərli
tag: Kamran Əsədov,Ekspert,MİQ,Ödənişli,Todaypress.tv,