"Bakı Dialoqları" jurnalının 2025-ci il yay buraxılışı dərc olundu
Elm və Təhsil
01.08.2025 12:30
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan "Bakı Dialoqları" ("Baku Dialogues") jurnalının yay buraxılışı işıq üzü görüb.
TodayPress TV xəbər verir ki, bu buraxılışda regional siyasət, çoxtərəfli diplomatiya və qlobal çağırışlar kontekstində aparılan müzakirələri əks etdirən analitik məqalələr yer alır.
Buraxılışın əsas müsahibəsi Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə aparılıb. “Azərbaycanın Çoxtərəfli Diplomatiya Mövqeyi” adlı müsahibədə ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlıq prioritetləri və çoxtərəfli platformalardakı rolu ətraflı təqdim olunur.
Nəşrdə həmçinin Azərbaycanın yaşıl enerji gündəliyindəki artan rolu da vurğulanır. Xəzər-Qara dəniz enerji dəhlizi vasitəsilə regional inteqrasiya təşəbbüsləri, həmçinin "yaşıl enerji diplomatiya" çərçivəsində enerji təhlükəsizliyinə töhfələr geniş şəkildə təqdim edilir.
Jurnalın “D-8 və Azərbaycan: “İslam Səkkizliyi” və Qlobal Güc Tarazlığındakı Dəyişikliklər” adlı məqaləsində isə Azərbaycanın bu platforma çərçivəsində mövqeyi və əməkdaşlığın genişlənməsi imkanları araşdırılır.
Nəşrdə Cənubi və Mərkəzi Asiyada regional təhlükəsizlik və əməkdaşlığı təşviq edən CICA (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) çərçivəsində Azərbaycanın üzvlüyünün yaratdığı imkanlar və bu platformadakı sədrliyinin optimallaşdırılması yolları müzakirə olunur.
Digər əsas başlıq “Dəyişən Geosiyasət” qlobal güc balansındakı transformasiyaları və beynəlxalq aktorların mövqelərini təhlil edən məqalələri təqdim edir. Bu bölmədə, Avropa İttifaqının transformasiya yollarını qiymətləndirməklə onun hazırkı vəziyyətini və gələcək imkanlarını araşdırır. Daha sonra “ABŞ İsrail–Azərbaycan İttifaqını Niyə Dəstəkləməlidir?” adlı məqalədə Azərbaycan-İsrail ikitərəfli tərəfdaşlığı dünya siyasətində daha geniş tendensiyaları əks etdirsə də, potensial olaraq genişləyə və ABŞ-a fayda verə biləcəyi vurğulanır.
Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.ada.edu.az saytına daxil ola bilərsiniz.
tag: Bakı Dialoqları,Jurnal,2025,Yay buraxılışı,Todaypress.tv,
