Magistraturaya qəbulda esse tələbi: Hansı müsbət nəticələri olacaq?

Elm və Təhsil

16.07.2025 19:05

“Magistratura pilləsinə qəbul zamanı tətbiq olunan "esse" yazısı tələbələrin təkcə dil biliyini deyil, həm də analitik düşüncə və tədqiqat qabiliyyətlərini ortaya qoyur”.

Təhsil eksperti Elçin Əfəndi bu barədə TodayPress TV-yə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, magistratura elmi-tədqiqat yönümlü pillə olduğundan, bu mərhələyə qəbul zamanı namizədlərin təkcə nəzəri bilikləri deyil, həm də yaradıcılıq və araşdırma qabiliyyətləri qiymətləndirilməlidir:

“Esse” yazısı vasitəsilə magistraturaya namizədlərin xarici dil bilikləri və həmin biliklər əsasında analitik düşüncəsi, yaradıcılığı yoxlanılır. Onlar onsuzda elmi araşdırmalar aparmaq üçün xarici ədəbiyyatlardan istifadə edirlər. Bu baxımdan "esse" yazmaq onların hazırlıq səviyyəsini ölçmək üçün önəmli vasitədir”.

Təhsilçi bildirib ki, bu metodun bəzi çətinliklər də mövcuddur:

“Təcrübə göstərir ki, bəzi bakalavr məzunları "esse" yazmaqda tərəddüd edirlər. Bu da təcrübəsizlik və ya ilkin mərhələdə prosesə tam uyğunlaşmamaqla bağlıdır. Dövlət İmtahan Mərkəzi bu amilləri nəzərə alaraq qiymətləndirməni daha çevik və əlçatan şəkildə təşkil etməlidir”.

Mütəxəssis əlavə edib ki, “esse” mövzularının əvvəlcədən təqdim olunması və ya nümunələrin verilməsi tələbələrə istiqamət göstərə bilər. Bu, həm də onların elmi düşüncə tərzinin formalaşmasına töhfə verər.

“Esse" tələbələrin yalnız dil biliklərini deyil, həm də konkret bir mövzu üzərində düşünmək, nəticə çıxarmaq və fikrini ifadə etmək bacarığını ortaya qoyur. Bu baxımdan onun tətbiqi müsbət haldır və davam etdirilməlidir", - deyə Elçin Əfəndi fikrini yekunlaşdırıb.

Qeyd edək ki, tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən müzakirələr zamanı bildirilib ki, gələcəkdə magistraturaya qəbulda "esse" yazısı məcburi ola bilər. Əgər bu dəyişiklik qəbul olunarsa, Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə abituriyentlərə və ictimaiyyətə iki il öncədən məlumat verəcək.

Türkan İsgəndərli

tag: Esse,Magistratura,İmtahan,DİM,Elçin Əfəndi,Todaypress.tv,

photo