Ukraynaya yeni hava qalxanı gəldi
Ukrayna NASAMS hava hücumundan müdafiə sistemləri üçün yeni raket partiyası alıb.
TodayPress TV-nin xarici mediaya istinadla verdiyi məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, raketlər ölkəyə ötən gün çatdırılıb. Onun sözlərinə görə, Kiyev həmçinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün zəruri raketlərin təmin olunması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır.
Zelenski yeni danışıqların da hazırlandığını açıqlayıb. Bu həftə keçiriləcək görüşlərdə hava hücumundan müdafiə və Ukraynaya gələcək dəstək məsələlərinin müzakirə olunacağı bildirilib.
Ukrayna lideri həmçinin ölkənin istehsal etdiyi raketdən müdafiə vasitələrinin artıq döyüş şəraitində istifadə edildiyini deyib. O, hazırda onların effektivliyinin yetərli olmadığını, lakin hər həftə vurulan raketlərin faizinin artırılmasının hədəfləndiyini vurğulayıb.
Kübra Musayeva