Türkiyə Rusiya və Ukraynanı Qara dənizdə gərginliyi artırmamağa çağırdı
Dünya
18.12.2025 16:56
Türkiyə Müdafiə Nazirliyi Rusiya və Ukraynanın Qara dənizdə təhlükəsizlik vəziyyətini pisləşdirə biləcək addımlardan çəkinməli olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, hər iki tərəf Qara dənizin təhlükəsizliyinə mənfi təsir göstərə biləcək hadisələrdə ehtiyatlı davranmalıdır.
Məlumata görə, dekabrın 15-i axşam saatlarında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Qara dəniz istiqamətindən ölkənin hava məkanına yaxınlaşan pilotsuz uçuş aparatını vurub. Hadisə nəticəsində dron idarəetməni itirib və təhlükəsizlik səbəbi ilə məhv edilib. Türkiyə tərəfi pilotsuz təyyarənin kimə məxsus olduğunu açıqlamayıb.
Dekabrın 18-də Müdafiə Nazirliyi bildirib ki, pilotsuz uçuş aparatı xırda hissələrə parçalanaraq geniş əraziyə səpələndiyi üçün onun mənşəyini müəyyənləşdirmək çətinləşib. Qalıqların axtarışı və texniki araşdırması davam edir.
Türkan İsgəndərli
tag: Türkiyə,Rusiya,Ukrayna,Qara dəniz,Todaypress.tv,
