Tramp dron insidenti ilə bağlı reaksiya verdi
Dünya
11.09.2025 10:37
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Polşa hava məkanına dronlarla müdaxiləsi ilə bağlı Polşa Prezidenti Karol Navrotski ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, Navrotski Trampla telefon danışdığını “X” sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.
“Az əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardım. Söhbət son gecə Rusiyaya məxsus dronların Polşa hava məkanını yenidən pozması ilə bağlı oldu. Bu danışıq özlüyündə müttəfiqlərlə apardığımız məsləhətləşmələrin bir hissəsidir. Bugünkü danışıqlar müttəfiq birliyini bir daha təsdiqlədi”, - deyə Polşa lideri bildirib.
Tramp hadisə ilə bağlı hələlik ətraflı danışmasa da, “CNN” məlumat verir ki, onun Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq insident baş verən zaman Polşaya səfər edirdi. Məlumata görə, ABŞ diplomatiyasında əsas fiqurlardan sayılan Kelloq yaxın günlərdə Ukraynaya da səfər edəcək.
Aysel Mətləb
tag: Tramp,Dron,Polşa,Münasibət,Todaypress.tv,