Los-Ancelesdə iğtişaşlar: ABŞ-də vətəndaş müharibəsi təhlükəsi var?

Dünya

12.06.2025 09:57

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində federal hakimiyyətin ölkədəki qanunsuz miqrantların deportasiyasına dair sərt tədbirlərindən sonra başlayan etiraz aksiyaları dörd gündür davam edir. 

TodayPress TV xəbər verir ki, gərginlik səngimək əvəzinə daha da dərinləşib. 

Şəhər meriyası nəhayət mərkəzi ərazidə komendant saatı elan edib. Mer Karen Bass bəyanatında bildirib ki, vandalizmə və qarətə son qoymaq üçün qətiyyətli addımlar atılacaq.

“Əgər siz Los-Ancelesin mərkəzində yaşamırsınız və ya işləmirsinizsə, bu ərazidən uzaq durun. Komendant saatını pozan şəxslər saxlanılacaq”, - deyə o əlavə edib. Onun sözlərinə görə, məhdudiyyətlər bir neçə gün davam edəcək.

Los-Anceles polisi artıq bəzi etirazçıları saxlayıb. ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatının qubernatoru Qevin Nyusomu nəzərə almadan şəhərə Milli Qvardiya qüvvələrinin yeridilməsi barədə göstəriş verib. Cavab olaraq Nyusom Trampa və Pentaqon rəhbəri Pit Heqsetə qarşı məhkəmə iddiası qaldırıb. Kaliforniyanın Şimal Dairə Məhkəməsi 12 iyun tarixində məsələ üzrə dinləmə təyin edib.

Pentaqonun hesablamalarına görə, Los-Ancelesdə Milli Qvardiya və dəniz piyadalarının yerləşdirilməsi 134 milyon dollara başa gələcək. Bu məbləğə yol xərcləri, müvəqqəti yaşayış, yemək və digər logistika daxil edilir. Müdafiə naziri Pit Heqset bildirib ki, nazirliyin bu qəfil halları qarşılamaq üçün kifayət qədər vəsaiti var və əməliyyat 60 gün davam edəcək.

ABŞ mediası yazır ki, hazırda Los-Ancelesdə yerləşdirilən hərbi kontingentin sayı (təxminən 4 800 nəfər) İraq və Suriyadakı ABŞ hərbiçilərinin ümumi sayını üstələyir.

Etiraz aksiyaları təkcə Kaliforniya ilə məhdudlaşmayıb. Nyu-Yorkda da yüzlərlə insan qanunsuz miqrantların saxlanılmasına qarşı nümayiş keçirib. Etirazçılar Manhettendəki məhkəmə binasının qarşısında Meksika, Fələstin, İsrail və Braziliya bayraqları ilə toplaşıblar. Plakatlarda “Deportasiyalara son”, “Amerikanı miqrantlar qurdu”, “Azadlıq istəyirik, deportasiya yox” kimi şüarlar yer alıb.

Polis aksiyaya müdaxilə etməyib, lakin daha öncə Trampın sahibi olduğu “Trump Tower” binasının foyesini ələ keçirən etirazçılardan bir neçəsi saxlanılıb.

Meksika ilə sərhəddə yerləşən Texas ştatında da oxşar etirazlar baş verib. Ostin və Dallas şəhərlərində bir neçə nəfər saxlanılıb. Ştat rəhbərliyi vəziyyətə nəzarət etmək üçün Milli Qvardiyanı səfərbər edib.

Donald Tramp 14 iyun tarixində Vaşinqtonda keçiriləcək hərbi paradın təhlükəsizliyinin təmin olunacağını bildirib. Prezidentin doğum gününə təsadüf edən tədbirdə 6 500 hərbçinin, 150 texnikanın və 50 döyüş təyyarəsinin iştirakı gözlənilir. Tramp xəbərdarlıq edib ki, paradı pozmağa çalışanlar uzunmüddətli həbs cəzası ilə üzləşə bilər.

Prezident əlavə edib ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına və 2026-cı ildə planlaşdırılan futbol üzrə dünya çempionatına görə şəhərin nüfuzu qorunmalıdır. O, Kaliforniya qubernatorunu səriştəsizlikdə ittiham edib və vurğulayıb ki, bu cür zorakılıqlar ölkənin beynəlxalq imicinə zərər verə bilər.

"The Washington Post"un siyasi şərhçisi Devid İqneyşius demokratların illərlə ölkədəki qanunsuz miqrasiyaya qarşı laqeyd münasibətini kəskin tənqid edib. O bildirib ki, ABŞ sərhədlərinin qorunmamasına yönəlik bu uzunmüddətli siyasi xətt partiyanın uğursuz immiqrasiya siyasətinin sübutudur.

İqneyşius qeyd edib ki, demokratlar qısa müddətli siyasi maraqlar naminə sərhəd nəzarətinin əhəmiyyətini kiçiltmiş, miqrant hüquqlarını müdafiə edən qrupların təzyiqləri altında sistemsiz siyasət aparıblar. Nəticədə, bu, kütləvi narazılıqlara və etimad böhranına səbəb olub.

Kaliforniya qubernatoru Qevin Nyusom baş verənlərin təkcə Los-Anceleslə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, bu proses digər ştatlara da yayıla bilər və nəticədə “ABŞ demokratiyası təhdid altına düşəcək”.

Trampı “uğursuz diktatorlara” bənzədən Nyusom bildirib: “Avtoritar rejimlər əvvəlcə özünü müdafiə edə bilməyən insanlara hücum edir, sonra isə genişlənirlər”. Onun bu fikirləri bəzi analitiklər tərəfindən “panika siyasəti” kimi dəyərləndirilib.

Hazırkı vəziyyət ABŞ daxilində güclənən siyasi qarşıdurmanın, idarəetmədəki parçalanmanın və miqrasiya siyasətindəki ziddiyyətlərin real nəticəsi kimi qiymətləndirilir. Gözlənilir ki, qarşıdakı günlərdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ABŞ-ın daxili sabitliyi ilə bağlı müzakirələr daha da intensivləşəcək.

Töhfə Səməd 

tag: ABŞ,Kaliforniya,Los-Anceles,Miqrasiya,Polis,Qarşıdurma,todaypress.tv,