Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək

Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək
12.08.2026 15:42 Dünya

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ölkələrinin Rusiya gəmilərinə qarşı mümkün ələ keçirmə addımlarına cavab veriləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Putin Avropa ölkələri Rusiya gəmilərinin hərəkətini məhdudlaşdırmağa və onları ələ keçirməyə cəhd göstərərsə, Moskvanın da eyni qaydada cavab verəcəyini deyib. 

Rusiya lideri Avropa ölkələrinin bu istiqamətdəki addımlarını “piratçılıq və soyğunçuluq” adlandırıb. Onun sözlərinə görə, Rusiyanın cavabı mütləq Avropa ölkələrinin Rusiya gəmilərini saxladığı sularda olmayacaq.

“Biz də eyni şəkildə cavab verməyə məcbur olacağıq”, – Putin deyib.

O, Rusiyanın bunun üçün “zəruri və məqsədəuyğun hesab etdiyi” istənilən yerdə, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında hərəkət edə biləcəyini vurğulayıb. Putin bununla bağlı Müdafiə Nazirliyinə müvafiq əmr verildiyini bildirib.

Sakit Okean Donanmasının komandanı Viktor Liina isə Rusiyanın “dost olmayan” ölkələrin gəmilərini və onların “kölgə donanması”nı yoxlamaq və saxlamaq üçün kifayət qədər qüvvə və vasitəyə malik olduğunu söyləyib.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində Rusiyanın “kölgə donanması” ilə əlaqəli tankerlərdən ələ keçirilən Rusiya nefti və neft məhsullarının, həmçinin gəmilərdən götürülən taxılın satılmasına icazə verilib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər