Pit Heqset Avropadakı müttəfiqlərinə səsləndi: "Bu hücuma qarşı nə vaxt tədbir görüləcək?"
Vaşinqtonun Avropadakı müttəfiqləri təhlükəli ideologiyaların hücumu ilə üz-üzədirlər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Fransanın şimalında müttəfiq qoşunların Normandiya desant əməliyyatı zamanı sahilə çıxmasının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.
"Təəssüf ki, bu gün Avropanın digər sahilləri başqa təhlükəli ideologiyaların təzyiqi altındadır. İspaniyaya, İtaliyaya, Yunanıstana və Bolqarıstana qayıqlarla insanlar gəlir", - deyə o bildirib.
Heqset bununla Avropa ölkələrinə yönələn qeyri-qanuni miqrasiya axınını nəzərdə tutduğunu vurğulayıb.
"Avropa paytaxtlarında bu hücuma qarşı nə vaxt tədbir görüləcək? Yoxsa artıq çox gecdir? Mən belə düşünmürəm. Biz müttəfiqlərimizi dəstəkləyirik və gözləyirik ki, müttəfiqlərimiz də bizi dəstəkləməyə qadir və hazır olsunlar", - deyə Pentaqon rəhbəri əlavə edib.