Pekin yaponiyalı deputata qarşı sanksiyalar tətbiq etdi

Dünya

08.09.2025 10:16

Çin Xarici İşlər Nazirliyi Yaponiya parlamentinin yuxarı palatasının deputatı, etnik çinli Hei Seki barəsində sanksiyalar elan edib.

TodayPress TV xəbər verir ki, rəsmi Pekin bu qərarı deputatın Çin Xalq Respublikasının suverenliyini pozan hərəkətləri ilə əsaslandırıb.

ÇXR XİN-in açıqlamasında yapon siyasətçinin Tayvan, Dyaoyudao adaları, tarixi məsələlər, həmçinin Sintszyan, Tibet və Honkonqdakı hadisələr barədə yalan məlumatlar yaydığı vurğulanır. Bildirilir ki, bu addımlar Çin dövlətinin daxili işlərinə ciddi müdaxilə olmaqla yanaşı, ölkənin suverenliyi və ərazi bütövlüyünə zərbə vurur.

Nazirliyin məlumatına görə, Hei Seki açıq şəkildə Yasukuni məbədini ziyarət edir. Bu məbəd Asiya ölkələrində yapon militarizminin simvolu hesab olunur. Pekin bunu Tokio ilə əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması kimi qiymətləndirib. Siyasətçinin, həmçinin “vahid Çin” prinsipinə əməl etmədiyi qeyd olunub.

Qərara əsasən, deputat və onun ailə üzvlərinin Çinə, o cümlədən Honkonq və Makao xüsusi inzibati bölgələrinə girişinə qadağa qoyulub. Bundan əlavə, Hei Sekinin ÇXR ərazisindəki bütün daşınar və daşınmaz əmlakı dondurulub. Çin təşkilatları və vətəndaşlarına deputatla hər hansı müqavilə bağlamaq və əməkdaşlıq etmək qəti qadağan olunub.

Qiymət Mahir

TodayPress TV

tag: Çin ,Yaponiya ,ÇXR XİN,Tayvan,Todaypress.tv,