İran Qərb ölkələrini terrorçulara dəstək verməkdə ittiham etdi
Dünya
01.08.2025 10:15
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bəyan edib ki, Qərb ölkələri terrorçu və ekstremist qruplara dəstək verdiklərinə görə beynəlxalq hüquqi məsuliyyət daşımalıdırlar.
TodayPress TV xəbər verir ki, bu açıqlama ABŞ və bir sıra Qərb ölkələrinin İranı öz ərazilərində təxribat fəaliyyətlərini artırmaqda ittiham edən birgə bəyanatına cavab olaraq verilib.
İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında yayılan açıqlamada Bəqai bildirib ki, ABŞ, Fransa və digər ölkələr terrorçulara kömək etməklə və onlara sığınacaq verməklə beynəlxalq hüququ pozur, buna görə də məsuliyyət daşımalıdırlar.
Diplomat əlavə edib ki, Qərb ölkələri İrana qarşı “əsassız və absurd” ittihamlarla diqqəti öz əməllərindən yayındırmağa çalışır.
Qeyd edək ki, iyulun 31-də Avstriya, Albaniya, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Niderland, ABŞ, Finlandiya, Fransa, Çexiya və İsveçin xarici işlər nazirlikləri birgə bəyanat yayaraq, İran kəşfiyyatını Avropa və Şimali Amerikada təhdidlərin artmasında günahlandırıblar.
Sənəddə İranın adam oğurluğu, təqib və hətta qətl cəhdləri həyata keçirdiyi iddia olunur, lakin konkret sübutlar təqdim edilməyib.
Türkan İsgəndərli
tag: İran,XİN,Bəqayi,Terror,Todaypress.tv,