Fransızlar və portuqaliyalılar ucuz yanacaq üçün İspaniyaya üz tuturlar
Dünya
27.03.2026 20:20
İspaniya hökuməti vətəndaşların yükünü azaltmaq məqsədilə yanacaq qiymətlərinə endirim tətbiq etdikdən sonra sərhədə yaxın yaşayan Fransa və Portuqaliya vətəndaşları da bu imkandan yararlanmağa başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Bildirilib ki, sərhədyanı bölgələrdə yaşayan fransızlar və portuqaliyalılar avtomobillərinin yanacaq çənlərini İspaniyada dolduraraq orta hesabla 20 avroya qədər qənaət edirlər.
Bununla yanaşı, İspaniyanın şimal-şərqdə Fransa, qərbdə isə Portuqaliya ilə sərhədlərində nəqliyyat sıxlığı artıb, yanacaqdoldurma məntəqələrində isə zaman-zaman növbələr yaranır.
Qeyd edək ki, fevralın 28-dən sonra yaranan enerji böhranı səbəbindən son bir ayda İspaniyada yanacaq qiymətləri təxminən 20% artıb. Lakin hökumətin 20 mart tarixində qəbul edib 22 martda qüvvəyə minən qərarı ilə əlavə dəyər vergisi 21%-dən 10%-ə endirilib və nəticədə qiymətlər aşağı düşüb.
Xatırladaq ki, Fransada dizelin litri 2,12 avro, benzinin isə 1,99 avro olduğu halda, İspaniyada görülən tədbirlər nəticəsində dizelin qiyməti 1,80 avroya, benzinin qiyməti isə 1,62 avroya qədər enib.
Aysel Mətləb
tag: İspaniya,Yanacaq,Fransa,Portuqaliya,TodayPress TV,
