BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi
Birləşmiş Millətlər Təşkilatı (BMT) tarixinin ən ağır maliyyə böhranlarından birini yaşayır.
TodayPress TV xəbər verir ki, təşkilatın əsas maliyyə mənbəyi olan iki ən böyük donor ölkənin – ABŞ və Çinin üzvlük haqlarını gecikdirməsi BMT-ni faktiki olaraq iflas həddinə çatdırıb.
BMT-nin Baş katibi António Quterreş vəziyyəti kəskin şəkildə pisləyərək, təşkilatın "iflasa doğru yarış"da olduğunu bildirib. Baş katibin sözlərinə görə, mövcud vəsaitlərin avqustun ortalarına qədər tükənmə ehtimalı "çox realdır".
Vaşinqtonun BMT-yə 4 milyard dollardan çox borcu var. ABŞ rəsmiləri əlavə maliyyələşdirmənin yalnız genişmiqyaslı islahatlar, xərclərin azaldılması və işçi heyətinin optimallaşdırılması müqabilində mümkün olacağını bəyan edirlər. ABŞ artıq "səmərəsiz xərcləmələrə qarşı mübarizə" adı altında bir sıra proqramlarda, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatında iştirakını məhdudlaşdırıb.
Pekin isə son dövrdə 850 milyon dollarlıq ödəniş etsə də, təşkilata hələ də 455 milyon dollar borcu qalır. Çin hökuməti öz öhdəliklərini yerinə yetirməyə sadiq olduğunu bildirsə də, gecikmələr büdcədə ciddi boşluq yaradır.
BMT-nin büdcəsinin təxminən 42%-ni təşkil edən bu iki ölkənin maliyyə öhdəliklərini yerinə yetirməməsi təşkilatın fəaliyyətini, xüsusilə də humanitar missiyalar və qlobal layihələrin icrasını təhlükə altına qoyur. Hazırda BMT rəhbərliyi donor ölkələrlə danışıqları davam etdirərək, böhranın qarşısını almaq üçün çıxış yolları axtarır.
Jalə Rövşən