Antarktida da gözlənilməz KƏŞF

Dünya

18.03.2026 19:00

Qərbi Antarktidanın Hudson dağlarında tünd vulkanik süxurlar arasında səpələnmiş parlaq çəhrayı qayalar alimlərə Şam Adası buzlağının altında gizlənmiş nəhəng qranit massivini aşkar etməyə imkan verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Communications Earth & Environment" jurnalında dərc olunub.

Məlumata görə, sözügedən buzlağın eni təxminən 100 kilometr, qalınlığı isə 7 kilometrə yaxındır. Uzun illər bu çəhrayı qayaların mənşəyi elm adamları üçün sirr olaraq qalırdı. Çünki onlar geoloji baxımdan əmələ gəlməməli olduqları dağ zirvələrində yerləşirdi.

Aparılan mineral analizlər göstərib ki, bu qranit süxurlar təxminən 175 milyon il əvvəl, Yura dövründə formalaşıb.

Alimlər havadan aparılan tədqiqatlar və qravimetrik ölçmələr vasitəsilə buzlaq altında böyük qranit kütləsinə uyğun gələn anomaliya müəyyən ediblər. Bu isə səthdə tapılan qayaların dərinlikdə yerləşən mənbə ilə əlaqəli olduğunu sübut etməyə imkan verib.


Tədqiqat nəticələrinə görə, buzlaq keçmişdə fərqli davranış nümayiş etdirib. Buz örtüyü daha qalın olduğu dövrlərdə o, alt qatdakı süxurları qopararaq yamaclara və hətta zirvələrə qədər daşıya bilib. Bu da qayaların qeyri-adi yerlərdə yerləşməsini izah edir.

Alimlər bildirirlər ki, bu kəşf təxminən 20 min il əvvəl baş vermiş Son Buzlaq Maksimumu dövründə buzlaqların dinamikası barədə yeni məlumatlar təqdim edir. Əldə olunan nəticələr Antarktidada buzların əriməsi və qlobal dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozların daha dəqiq hazırlanmasına kömək edə bilər.

Tədqiqatın aparıcı müəllifi Tom Cordanın sözlərinə görə, geoloji analizlərlə qravimetrik ölçmələrin birgə tətbiqi həm qayaların mənşəyini müəyyən etməyə, həm də buz örtüyünün hərəkət mexanizmini daha yaxşı anlamağa şərait yaradıb.

Qeyd olunur ki, buzlağın altındakı geoloji quruluş bu gün də mühüm rol oynayır. Süxurların xüsusiyyətləri buzun nə qədər sürətlə hərəkət etdiyini, suyun alt qatlarda necə dövr etdiyini və nəticə etibarilə ərimə sürətini müəyyən edir. Şam Adası buzlağı isə hazırda Antarktidada ən sürətlə əriyən buzlaq zonalarından biri hesab olunur.

TodayPress TV

tag: Antarktida,Kəşf,Qranit,Massiv,Todaypress.tv,