Aİ Ukraynaya Rusiya aktivlərindən 1 milyard dollar köçürdü
Dünya
10.09.2025 16:23
Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə kredit proqramı çərçivəsində təxminən 1,08 milyard ABŞ dolları daha göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib.
O bildirib ki, bu məbləğ Ukrayna üçün fövqəladə gəlirlərin sürətləndirilməsi proqramı çərçivəsində verilib. Avropa Komissiyasının məlumatlarına əsasən, yanvar-iyul aylarında Aİ Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən gələn təxminən 10,9 milyard ABŞ dolları maliyyə yardımı göstərib. Bu vəsaitlər əsasən hərbi və mülki layihələrin dəstəklənməsinə sərf olunur.
Ötən ilin oktyabrında Yeddilik Qrupu (G7) ölkələri Ukraynaya ümumilikdə 50 milyard dollar kredit vermək barədə razılığa gəlib. Kreditlərin geri ödənişi Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlər hesabına həyata keçiriləcək. ABŞ bu kreditin 20 milyard dollarını təmin edir, qalan məbləğ isə G7 və Aİ tərəfindən verilir.
Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.
Türkan İsgəndərli
tag: Aİ,Ukrayna,Rusiya,Aktiv,Todaypress.tv,