ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi
ABŞ Silahlı Qüvvələrinin Hind okeanındakı komandanlığı sanksiya altında olan "Davina" neft gəmisini saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Məlumata görə, gəmi rəsmi olaraq heç bir dövlətin qeydiyyatında deyil.
ABŞ tərəfi bəyan edib ki, qanunsuz şəbəkələrin fəaliyyətinin qarşısını almaq və İrana maddi dəstək göstərən gəmiləri ələ keçirmək üçün dəniz patrulunu davam etdirəcək.
"Beynəlxalq su yolları sanksiya altında olan subyektlərin fəaliyyətini ört-basdır etmək üçün istifadə edilə bilməz", - deyə qurumdan vurğulanıb.
"Lenor" adı ilə də tanınan "Davina" supertankeri iki milyon barelə qədər xam neft daşımaq imkanına malikdir. Gəmilərin izlənməsi sistemlərinin məlumatlarına görə, 2024-cü ilin oktyabrında o, İran neftinin daşınması üçün istifadə edilib.