“Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini pozaraq mənimsəmə edən şəxslər aşkarlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Belə ki, ADY-nin keçmiş Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanov əlbir olaraq lokomotivlərin yanacaq və yağını mənimsəyiblər.
Onların 2022-ci il 15 yanvar – 2023-cü il 6 iyun tarixləri arasında marşrut vərəqələrinə faktiki həyata keçirilməmiş marşrutlar qeyd edərək vəsaiti götürdükləri müəyyən edilib. Baş Prokurorluğun müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq nəticəsində hər iki şəxs həbs edilib.
Qeyd olunub ki, ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib, bu sayədə kənar şəxslər tərəfindən sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri son üç ildə əhəmiyyətli dərəcədə azalıb: 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 hadisə qeydə alınıb. Həmçinin, bu hadisələrin böyük əksəriyyətinin qarşısı vaxtında alınıb.
Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” qanunsuz hallarla mübarizəni davam etdirəcək.
