Yağış sularından sonra bu evlərin yana biləcəyi ehtimal edilir - DİQQƏT
Cəmiyyət
07.04.2026 15:55
Son günlərdə güclü yağışlardan sonra evlərdə yanğın hallarında müəyyən artım müşahidə olunur. 7 aprel səhər saatlarında Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Hadisə zamanı evin mətbəxinin konstruksiyaları 10 m² sahədə, dəhlizin tavanı isə 15 m² sahədə yanıb.

Bəs bu cür yanğınlara səbəb nədir?
Mütəxəssislərin fikrincə, belə halların əsas səbəbləri sırasında elektrik naqillərində qısaqapanma, məişət cihazlarının nəmlənməsi və ildırım düşməsi dayanır. Xüsusilə köhnə, texniki tələblərə uyğun quraşdırılmayan və ya izolyasiyası zəif olan elektrik xətləri yağışlı hava şəraitində daha böyük risk yaradır.
Diqqət etsək, görərik ki, bir çox həyət evlərində elektrik naqilləri açıq şəkildə, çöl divarları boyunca və qoruyucu örtük olmadan çəkilir. Uzunmüddətli yağıntılar zamanı su evlərin dam və divarlarından daxil olaraq bu naqilləri isladır. Nəticədə naqillərdə izolyasiya zəifləyir, qısaqapanma baş verir və bu zaman elektrik enerjisindən istifadə yanğın ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Bundan əlavə, yağışdan sonra nəm mühitdə işlədilən məişət cihazları da təhlükə mənbəyinə çevrilir. Su ilə təmasda olan elektrik avadanlıqları həm qızma, həm də qığılcım yaranmasına səbəb ola bilər. Bu isə xüsusilə yanıcı materialların çox olduğu qapalı məkanlarda yanğın riskini artırır.
Bu riskləri azaltmaq üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. İlk növbədə, elektrik panelləri və naqillər su keçirməyən izolyasiya ilə qorunmalı, mümkün olduqda divar daxilində yerləşdirilməlidir. Açıq sahədə qalan naqillər xüsusi qoruyucu kanallarla örtülməlidir. Eyni zamanda, yağışdan sonra elektrik cihazlarını işə salmazdan əvvəl onların tam quruduğuna əmin olunmalıdır.
Bundan başqa, yaşayış evlərində mütəmadi texniki baxışların keçirilməsi, köhnə elektrik sistemlərinin yenilənməsi və müasir təhlükəsizlik standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır.
Təəssüf ki, bəzi hallarda insanlar təhlükəsizlik qaydalarına laqeyd yanaşır, tikililərin konstruktiv xüsusiyyətlərinə və elektrik sistemlərinin düzgün qurulmasına kifayət qədər diqqət yetirmirlər. Bu isə son nəticədə insan həyatı və əmlak üçün ciddi risklər yaradır.
Bu səbəbdən əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, yağışlı hava şəraitində elektrik təhlükəsizliyi qaydalarının izah olunması və tikililərin mütəmadi yoxlanılması zəruri hesab olunur.
Türkan İsgəndərli
tag: Yağış suları,Evlər,Yanğın,Bakı,Todaypress.tv,
