Uşaq müəssisələrində monitorinq və nəzarət qaydaları sərtləşdirilir

Cəmiyyət

04.11.2025 10:32

“Uşaq Strategiyası”nın (2020–2025) icrası çərçivəsində son beş ildə uşaq hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli addımlar atılıb".

TodayPress TV xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.

Onun sözlərinə görə, strategiya əsasında beş qanun layihəsi hazırlanıb, onlardan dördü artıq təsdiqlənərək icraya yönəldilib. Beşinci layihə, yeni “Uşaq haqqı haqqında” qanun isə Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib:

"Son illər uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daha çevik və şəffaf olub. Hazırda dövlət orqanlarından toplanan məlumatlar ümumiləşdirilərək Komitə tərəfindən Prezidentə təqdim olunur. Uşaq müəssisələrində aparılan monitorinqlər zamanı müəyyən edilən pozuntular isə Komissiyada müzakirə edilir".

Komitə sədri əlavə edib ki, 2024-cü ildə qanunvericiliyə edilən dəyişikliklərlə dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmət keyfiyyətinə dair yeni meyarlar müəyyənləşdirilib. Hazırda bu müəssisələrdə çalışan əməkdaşlar Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş iki əsas sənədin tələblərinə əsasən fəaliyyət göstərirlər:

"Bu sənədlərin tələbləri pozulduğu halda Dövlət Komitəsinin nümayəndələri və ekspertlər tərəfindən aparılan monitorinqlər zamanı nöqsanlar qeydə alınır və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada müzakirə olunur", – deyə Bahar Muradova vurğulayıb.

Türkan İsgəndərli


tag: Bahar Muradova,Dövlət Komitəsi,Uşaq Strategiyası,Milli Məclis,Todaypress.tv,