Tərtərdə sakin 100-dən çox evin suyunu kəsdi - Məmur söz verdi ki...

Cəmiyyət

05.05.2026 14:10

Tərtər rayonunda suvarma ilə bağlı yaranan problem sakinlərin narazılığına səbəb olub. 

TodayPress TV xəbər verir ki, rayonun Axundov küçəsində yerləşən “Nəmirli” arxından istifadə edən sakinlərartıq bir müddətdir su çatışmazlığı ilə üzləşiblər.

Redaksiyamıza daxil olan şikayətdə qeyd olunur ki, küçə sakinlərindən biri arxın istiqamətini dəyişərək onu öz həyətinə qatıb. İddialara görə, bu səbəbdən arxla gələn suyun qarşısı kəsilib və nəticədə 100-dən çox sakin həmin su mənbəyindən istifadə edə bilmir.

Sakinlər bildirirlər ki, “Nəmirli” arxı kənd təsərrüfatı və gündəlik məişət ehtiyacları üçün mühüm əhəmiyyət daşıyır və suyun verilməməsi ciddi çətinliklər yaradır.

Məsələ ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tərtər Hidroqovşağı İstismar İdarəsi ilə əlaqə saxladıq. Qurumdan redaksiyamıza bildirilib ki, problem nəzarətə götürülüb:

"Adı çəkilən xanımın oğlu cərrahi əməliyyat keçirib. Bu səbəbdən hazırda evdə deyil. O, geri qayıtdıqdan sonra məsələ yerində araşdırılacaq və müvafiq tədbirlər görüləcək".

Məsələni nəzarətdə saxlayacağıq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tərtər,Problem,Su,Narazılıq,Todaypress.tv,