Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil olundu

Cəmiyyət

16.12.2025 13:16

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Komitənin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil olunub.

TodayPress TV xəbər verir ki, mediaturda qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və blogerlər iştirak ediblər.

Mediatur çərçivəsində iştirakçılara Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti, göstərilən psixoloji, sosial və maarifləndirici xidmətlər, eləcə də mərkəzin həyata keçirdiyi layihə və proqramlar barədə ətraflı məlumat verilib. Qonaqlar mərkəzdə uşaqlar, ailələr və həssas əhali qrupları ilə aparılan işlərlə tanış olublar.

Tədbirin məqsədi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən mərkəzlərin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, vətəndaş cəmiyyətinin nümayəndələri və media ilə əməkdaşlığın gücləndirilməsi olub.

Qeyd edək ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayonu ərazisində fəaliyyət göstərir və aztəminatlı ailələr, valideyn himayəsindən məhrum uşaqlar, erkən nikah və məişət zorakılığı qurbanları, eləcə də digər həssas qruplara psixoloji və sosial dəstək xidmətləri göstərir.

Qiymət Mahir

TodayPress TV

tag: Şüvəlan,Mediatur,Tədbir,Görüş,todaypress.tv,