Sankt-Peterburqda Millətlər Evi tərəfindən Novruz bayramı qeyd olundu
Cəmiyyət
29.03.2026 14:20
Rusiyanın Sankt-Peterburq şəhərində Millətlərarası Əlaqələr Komitəsinin dəstəyi ilə Millətlər Evi tərəfindən Novruz bayramı keçirilib.
TodayPress TV xəbər verir ki, bayram “Rusiya–mənim tarixim” muzeyində Sankt-Peterburqda yaşayan və Novruzu qeyd edən müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə təşkil olunub.
Azərbaycanı tədbirdə Xeyransa Mirzəyevanın rəhbərlik etdiyi “Çinar” Milli Mədəni Mərkəzi təmsil edib.
Mərkəz tərəfindən foyedə təşkil olunan sərgi qonaqların böyük marağına səbəb olub. “Çinar” Milli Mədəni Mərkəzinin üzvləri xalçatoxuma və şəkərburaya naxış vurma üzrə ustad dərsləri keçiriblər. Qonaqlar xalça dəzgahında ilmələr atıb, şəkərburaya naxış vuraraq Novruz ənənələri ilə yaxından tanış olublar.
Eyni zamanda, 28 illik tarixi olan “Çinar” vokal-rəqs ansamblının xoreoqraf Rəna İbrahimova tərəfindən hazırlanmış 20 dəqiqəlik rəqs proqramı tamaşaçıların xüsusi rəğbətini qazanıb.
(AZƏRTAC)
tag: Rusiya,Sankt-Peterburq,Millətlər Evi,Novruz bayramı,Todaypress.tv,
