Razi Nurullayev: "Təkcə qadağa problemi həll etmir"
Cəmiyyət
17.12.2025 12:33
"Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı müzakirə edilən qanun dəyişiklikləri cəmiyyətdə ciddi müzakirələr doğurur. Bu məsələyə ilk növbədə ictimai sağlamlıq baxımından yanaşmaq lazımdır".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Onun sözlərinə görə, elektron siqaretlər xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə yayılıb və çox vaxt zərərsiz alternativ kimi təqdim olunur:
"Halbuki bu məhsulların tərkibində nikotin və digər kimyəvi maddələr var, onlar asılılıq yaradır və ürək-damar, eləcə də tənəffüs sistemi üçün real risklər daşıyır.
Qadağanın əsas məqsədi gənc nəslin sağlamlığını qorumaq və nikotin asılılığının daha da genişlənməsinin qarşısını almaqdır. Bu baxımdan qanuna təklif edilən dəyişikliklər müəyyən mənada əsaslı və başadüşüləndir. Eyni zamanda unutmaq olmaz ki, təkcə qadağa ilə problemi tam həll etmək mümkün deyil. Əgər paralel şəkildə maarifləndirmə aparılmasa və effektiv nəzarət mexanizmləri qurulmasa, qeyri-qanuni satışın və qara bazarın artması riski də yarana bilər. Bu isə daha keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəyə çıxmasına səbəb ola bilər".
Deputat əlavə edib ki, uzun illər siqaret çəkən və elektron siqareti tərgitmə vasitəsi kimi görən insanlar da nəzərə alınmalıdır. Belə şəxslər üçün alternativ tibbi və psixoloji dəstək mexanizmləri formalaşdırılmasa, onların yenidən ənənəvi siqaretə qayıtmaq ehtimalı arta bilər:
"Hesab edirəm ki, elektron siqaretlərlə bağlı qanuna edilən dəyişikliklər kompleks yanaşma ilə icra olunmalıdır. Məqsəd cərimə və qadağa tətbiq etmək yox, cəmiyyətin sağlam gələcəyini qorumaq olmalıdır. Yalnız bu halda qəbul edilən dəyişikliklər real və uzunmüddətli müsbət nəticələr verə bilər", - deyə Razi Nurullayev qeyd edib.
Xatırladaq ki, Milli Məclis Azərbaycanda elektron siqaretlərin qadağan olunması haqqında qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin ölkədə idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilir.
Türkan İsgəndərli
tag: Razi Nurullayev,Deputat,Elektron siqaret,Qadağa,Todaypress.tv,
