İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil olundu

Cəmiyyət

19.12.2025 15:47

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə Komitənin tabeliyində olan İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil olunub.

TodayPress TV xəbər verir ki, mediaturun məqsədi Mərkəzin fəaliyyət istiqamətləri, icra olunan layihələr və göstərilən sosial xidmətlərlə media nümayəndələrini yaxından tanış etmək olub.

Tədbir çərçivəsində çıxış edən UADM-in direktoru Lətifə Əliyeva bildirib ki, icma əsaslı xidmətlərin gücləndirilməsi, həssas əhali qrupları ilə aparılan işlərin effektivliyinin artırılması mərkəzin fəaliyyətinin əsas prioritetlərini təşkil edir. Onun sözlərinə görə, Uşaq və Ailələrə Dəstək Mərkəzi qadın və uşaqlara sosial, psixoloji və hüquqi dəstəyin göstərilməsi istiqamətində mühüm və uğurlu nəticələr əldə edib.

Direktor mərkəzdə keçirilən inkişafetdirici məşğələlər, Denver II inkişaf qiymətləndirmə proqramı, eləcə də psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşları Sevil Rəsulzadə və Pərvanə Əsgərzadə çıxış edərək mediaturun keçirilməsində əsas məqsədlər və media ilə əməkdaşlığın əhəmiyyəti haqqında danışıb.

Tədbirin davamında Mərkəzin psixoloqu Rəsul Rəhimli tərəfindən son 11 ay ərzində görülən işləri, təşkil edilən səfərləri əhatə edən slayd təqdimatı nümayiş etdirilib.

Mediatur media nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.

TodayPress TV

tag: İsmayıllı,Mediatur,Dəstək,Mərkəz,Todaypress.tv,