Füzulidə “Zəfərin mübarək Azərbaycan” adlı konsert təşkil edilib
Cəmiyyət
08.11.2025 15:03
Füzuli şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib və “Zəfərin mübarək, Azərbaycan” adlı konsert təşkil olunub.
TodayPress TV xəbər verir ki, bayram çərçivəsində əvvəlcə Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, həmçinin “Zəfər Günü uşaqların gözü ilə” adlı ustad dərsləri baş tutub. Şagirdlər dağıntılardan qalan daşlar üzərində hazırladıqları əl işlərini nümayiş etdiriblər.
Tədbirin davamında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və “Zəfər salnaməsi” filmi nümayiş etdirilib.
Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və Füzuli sakinlərinin qatıldığı tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan parlaq Qələbə sayəsində azad edilmiş ərazilərdə həyatın yenidən bərpa olunduğunu, sakinlərin doğma yurdlarına qovuşduğunu bildiriblər. Vurğulanıb ki, suverenliyi və ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın əzəli torpaqlarında üçrəngli bayrağımız qürurla dalğalanır, ölkəmiz regionda və dünyada söz sahibi kimi çıxış edir.
Rəsmi hissədən sonra konsert proqramı baş tutub. Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin çıxışları, vətənpərvərlik ruhunda mahnılar və rəqslər tamaşaçılara təqdim olunub. Konsert Zəfər Günü münasibətilə iştirakçılara bayram ab-havası yaşadıb.
tag: Füzuli,Zəfər Günü ,“Zəfərin mübarək, Azərbaycan” ,Konsert ,Todaypress.tv,
