Diqqət sükan arxasında: Telefon və monitor istifadəsinə yeni qadağalar
Cəmiyyət
10.04.2026 13:32
Son günlər Türkiyədə avtomobillərə sonradan quraşdırılan monitorlar və telefon tutacaqları ilə bağlı tətbiq edilən yeni məhdudiyyətlər regionda, o cümlədən Azərbaycanda sürücülər arasında geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Adil Nəbiyev mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirərək, bu qaydaların mahiyyətini və ölkəmizdə tətbiqi ehtimalını dəyərləndirib.

Onun sözlərinə görə, Türkiyədəki dəyişikliklər cihazların tam qadağan edilməsi deyil, sürücünün təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan məhdudiyyətlərdir:
"Yeni qaydalara əsasən, cihazın özü deyil, onun sürücüyə mane olması problem hesab edilir. Əgər telefon tutacağı ön şüşəyə elə bərkidilibsə ki, sürücünün yolu görmə sahəsini məhdudlaşdırır, bu, qayda pozuntusu sayılır. Hərəkət zamanı video nümayiş etdirən və ya sürücünün diqqətini yoldan ayıran ekranlar cərimə səbəbidir. Naviqasiya kimi passiv istifadə hallarına icazə verilsə də, sürücünün aktiv şəkildə cihazla məşğul olması qadağandır".
Ekspert bildirib ki, bənzər yanaşmanın Azərbaycanda da tətbiqi tamamilə mümkündür. Buna əsas verən bir neçə faktor var:
"Hazırkı qanunlarımızda sürücünün diqqətini yayındıran hallara qarşı artıq müəyyən bəndlər mövcuddur. Azərbaycan yol təhlükəsizliyi məsələlərində tez-tez Türkiyə və digər qonşu ölkələrin təcrübəsini nəzərə alır. Əgər yol qəzalarında diqqət yayınması səbəbindən baş verən hadisələrin sayı artarsa, bu məhdudiyyətlər rəsmi şəkildə gündəmə gələ bilər".
Mütəxəssis hesab edir ki, yaxın müddətdə Azərbaycanda tam sərt qadağalardan çox, mərhələli bir yanaşma daha real görünür.
"Bu yanaşma cihazların yerləşdirilməsinə konkret texniki tələblərin qoyulmasını, ön şüşəyə bərkidilən qurğuların tənzimlənməsini və əyləncə xarakterli ekranlara nəzarətin gücləndirilməsini nəzərdə tuta bilər", - deyə Adil Nəbiyev qeyd edib.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev,Ekspert,Sürücü,Telefon,Monitor,Todaypress.tv,
